Qazax rayonu Çaylı kəndinin ərazisində 102 il bundan öncə əsası qoyulmuş köhnə kəhriz quyuları yenidən təmir edilir.
Çaylı Kənd Bələdiyyəsinin sədri Müqabil Pirverdiyevin “Qərb Xəbər”ə verdiyi məlumata görə, rəhbəri olduğu qurum bu problemin həlli üçün mərkəzi ofisi Mingəçevir şəhərində yerləşən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqə saxlayaraq, həmin təşkilatın kəhrizlərin təmiri ilə bağlı uyğun proqramına müraciət etmişdir. Nəticədə, bu müraciət təşkilat tərəfindən müsbət qarşılanmış və Cənubi Koreyanın “Qoyko” şirkətinin maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının cəlb etdiyi mütəxəssislər təmir işlərinə başlamışdır.
Bələdiyyə sədri Müqabil Pirverdiyevin açıqlamasına əsasən, 41 quyuluq kəhriz bir-biri ilə əlaqələndirilmiş şəkildədir. Son zamanlarda Kəndin bəzi batmış quyuların aralarındakı kəsilmiş əlaqələrin təmir edilməsi ilə hazırkı su təminatı 2 qatına yüksəldiləcək. Bununla da, suyun azalmış səviyyəsi artırılaraq kəndlilərin su təminatının yaxşılaşdırılması yönündə addım atılacaq. Bu isə Çaylı kəndinin bəzi məhəllələrində içməli su xəttinin tamamı ilə kəsilməsi problemini aradan qaldıracaq.
“Qərb Xəbər” əməkdaşına Çaylı Bələdiyyəsinin sədri Müqabil Pirverdiyevin verdiyi məlumata görə, işə başlayarkən 2 quyu batmışdı. Həmin batmış quyular yenidən qazılacaq, bütün kəhriz sistemi yenidən qurulacaq, quyulararası ötürücü şəkilərin üzləri “n” şəkilli beton örtüklərlə qapadılacaq. Ətrafları bağlanaraq, üzəri örtüləcək. Bununla da, 120 m3-lik hovuz tikilərək, su paylanılma həmin hovuzdan həyata keçiriləcək. Beləliklə də, hazırda paylanılan su 2 qatına yüksəldiləcək.
Arzu Sayadoğlu