Qazax rayon Qarapapaq kəndin də zibil qutuları mövcud deyil. Buna görə də sakinlər zibilləri yolun kənarında toplayır. Bu isə kəndin həm görüntüsünü, həm də təmizliyini pozur.
Məsələ ilə bağlı kənd sakinləri “Qərb Xəbər“ə şikayətlərini danışıblar.
Kənd sakini Pəri Əliyeva bildirib ki, zibil qutularının olmaması onu narahat edir: “Kəndin küçələri natəmizdir. Zibillərin hamısı yol kənarlarına qoyulduğu üçün qoxusu evə dolur. İstəyərdim ki, küçəmizə zibil qabları qoyulsun və təmizlik olsun. Mən 64 ildir ki, burada yaşayıram. Bu günə qədər kəndə zibil qabları qoyulmayıb”. Eyni zamanda o bildirib ki, hər bir kənd sakinin bununla bağlı narazılıgı var.
Kənd sakini Qızbəz Şəhnərov da məsələ ilə bağlı öz narazılığını bildirib: ”Həftə də iki dəfə gəlib zibilləri yığırlar. Bizim küçədə daxil olmaqla heç bir küçədə zibil qabları olmayıb. 40 ildən çoxdur ki, bu kənddə yaşayıram və bu kənddə hər zaman belə olub. Qarşıdan yay fəsli gəldiyi üçün problemlər daha çox artacaq”.
“Qərb Xəbər” saytı olaraq məsələ ilə bağlı həm Qazax Rayon İcra Hakimiyyəti, həm Yaşıllaşdırma İdarəsi və həm də kənd bələdiyəsi ilə əlaqə saxlasaq da hər üç qurum problemin həllini bir-birində görüblər.
Qurbanov Ceyhun