Qazax gəncləri Birinci Şıxlıda olub
“Səyyar Gənclər Xidməti” layihəsininin dördüncü günündə Qazax rayonunun Birinci Şıxlı kəndinə səfər reallaşdırılıb.
M.Həsənov adına tam orta məktəbdə keçirilən tədbirdə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, “Səyyar Gənclər Xidməti” layihəsi haqqında ətraflı məlumat verib.
Daha sonra Qazax RİH-nin əməkdaşı, rayonun baş psixoloqu Kəmalə Cəfərova tərəfindən gənclərin ilkin psixoloji diaqnostikası aparılıb. Onlarla təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətlər,özünütərbiyə və peşə yönümü ilə bağlı konsultasiya keçirilib. Həmçinin K.Cəfərova “bullinq”, qız övladlarının psixoloji tərbiyəsi mövzusunda da fikirlərini bölüşüb.
Qazax rayon Uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev tərəfindən gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyasının təşkili həyata keçirilib. Təlimdə 10 nəfər gənc iştirak edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin təlimçiləri tərəfindən ilk yardım mövzusunda təlimlər keçirilib. Təlimdə 10 nəfər gənc iştirak edib.
Gənc təlimçilər Aysel Kərimova və Nicat Məmmədov gənclərin peşə məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı ilə bağlı, təlimçi-bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim keçib. Təlimlərdə 24 nəfər gənc iştirak edib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib. Təlimdə 15 nəfər gənc iştirak edib.
Daha sonra “Səyyar Gənclər Xidməti” layihəsinin əyləncəli hissəsi start götürüb. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, darts, kubik-rubik, ip atlama, stolüstü tennis, basketbol, voleybol və top çiləmə oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub.
Qeyd edək ki, layihənin dördüncü günündə 100 nəfərdən çox gənc iştirak edib.







