Qazada Qadın hüquqlarına dair təlim keçirilib
30 sentyabr və 1oktyabr 2022-ci ildə Qazax rayonunda regional QHT-lərin qadın hüquqlarına dair həm milli, həm də beynəlxalq müdafiə mexanizmləri haqqında məlumatlılığını artırmaqla, qadınların hüquqlarını təşviq etmək və qadın hüquqları üzrə insan hüquqlarının müdafiəsi və təbliğat işində onların rolunun artırılmasına kömək etmək məqsədi ilə təlim təşkil olunub.
Dilarə Əliyeva adina Azərbaycan Qadınlarının hüquqlarını Müdafiə Cəmiyyətinin tərəfdaşı olduğu layihə Avropa İtiffaqı tərəfindən maliyyələşdirilən BMT-nin İnsan hüquqları üzrə Ali Komisarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilib.
“Qərb Xəbər” xəbər verir ki, layihənin ümumi məqsədi qadın hüquqlarına dair milli və beynəlxalq müdafiə mexanizmlərindən istifadə etməklə qadınların hüquqlarının təşviqi və müdafiəsində regional QHT-lərin potensialının artırılması yolu ilə qadın hüquqlarının müdafiəsini gücləndirməkdir.
Qeyd edək ki, Layihə çərçivəsində 6 rayonda-(Masallı, Lənkəran, Astara, Balakən, Zaqatala, Qazax), fəaliyyət göstərən QHT-lərin (rayon və kəndlərdə) nümayəndələrindən 6 qrup və hər qrupda 25 nəfər olmaqla 150 nəfər hər üç fəaliyyət istiqaməti üzrə birbaşa faydalanacaqdır. Pandemiya şəraitini nəzərə alaraq bu qruplar 2 yerə bölünəcək və hər dəfə yarım qrup olmaqla 2 gün seminar – treninglər keçiriləcəkdir. Regionlara 3(üç) fəaliyyət istiqaməti üzrə səfərlər olacaq və hər regionda 6 gün(ümumilikdə 36 gün) tədbir(təlim və seminarlar) keçiriləcəkdir. Regional koordinatorların vasitəsi ilə hər 3 fəaliyyət istiqaməti üzrə tədbirlərdə eyni QHT-lərin iştirakı təmin olunacaqdır. Qadın Hüquqları Cəmiyyəti iştirakçıların ən azı 50%-nin qadın olmasını təmin edəcək.
Ülviyyə Həsənli
Qərb Xəbər