Qarın Piyi Necə Yaranır Və Onun Qarşısını Necə Almaq Olar?-Elnur Nemətovun yazısı
Bir çox insanı düşündürən sual var, qarın piyi necə yaranır və onun qarşısını necə almaq olar?
Bu sualın ətrafında isə o qədər mif dolaşır ki, sonda insan nə edəcəyinə, kimə inanacağına çaş-baş qalır. Kimi deyir az ye, qarın gedəcək, kimi deyir idman elə, əriyəcək, kimi deyir vaxtında yat, şəkəri kəs və s., məsələ həll olunacaq.
Bu deyilənlərin hər birində müəyyən qədər həqiqət var. Amma problem ondadır ki, bu yanaşmalar sistemin yalnız bir hissəsinə toxunur.
Əsas məqam isə çox vaxt gözdən qaçır.
Bilmək lazımdır ki, qarın piyi sadəcə artıq kalori deyil, bu, bədənin bizə verdiyi ümumi, əhatə olunmuş cavabdır.Yəni bədən təkcə daxil olan enerjini saymır, onu necə, nə vaxt, kim tərəfindən qəbul edildiyini də oxuyur, hesablayır və nəticəni ona görə dəyərləndirir. Çünki hər orqanizm fərqlidir və eyni qaydalar hər kəsə şamil oluna bilməz.
Yəni eyni miqdarda qəbul olunan qida da iki fərqli insanda tam fərqli nəticə verə bilər.
Birində enerji kimi istifadə olunar, digərində isə qarın nahiyəsində ehtiyat kimi yığıla bilər.
Gəlin məsələyə bir az daha əhatəli izah verək.
Əvvəla baxaq, qarın piyi nədir və niyə kökəlmə əlaməti olaraq bədən məhz qarını seçir?
Qarın metabolik və hormonal baxımdan ən rahat anbar sayılır. Qarın nahiyəsindəki piy toxuması hormonlara, xüsusilə insulin və kortizola daha həssas olur.
Dəqiq desək, bu nahiyə daxili orqanlara yaxın yerləşən məkan kimi seçilir. Yəni piy yalnız dəri altında deyil, birbaşa qaraciyər, bağırsaqlar və digər həyati orqanların ətrafında da toplanır.
Məhz bu yaxınlıq səbəbilə bədən üçün enerji saxlanması daha əlçatan olur, hormonların təsiri daha sürətli həyata keçirilir və metabolik proseslərə təsir daha güclü olur.
Ona görə də qarın nahiyəsi sadəcə toplanma məntəqəsi deyil, o, idarə olunan, aktiv metabolik zona hesab edilir.
İzaha biraz da sadə bölgü ilə davam edək, yəni piyin növləri və onların fərqi ilə.
Birinci növ dəri altı piydir.
Bu, əlimizlə tuta bildiyimiz, güzgüdə gördüyümüz piydir ki, əsasən qarında, ombada, budda, qollarda, boynun arxa hissəsində yerləşir.
Əslində bu piy bədən üçün o qədər də təhlükəli deyil, bir növ enerji ehtiyatıdır, bədəni qoruyur və hormon balansında müəyyən rol oynayır.
Burada əsas problem estetik narahatlıqdır. Yəni görünüşə təsir edir, nə geyinəcəyimizə, necə görsənəcəyimizə ciddi tərəddüd yaradır.
Amma sağlamlıq baxımından əsas risk faktoru deyil.
İkinci və daha vacib növ piy daxili, yəni visseral piydir.
Bu piy dərinin altında yox, birbaşa orqanların, daha dəqiq desək, qaraciyər, bağırsaqlar və digər həyati orqanların ətrafında toplanır.
Əsl problem də əsasən buradan başlayır.Çünki bu piy heç vaxt passiv deyil, hormonal olaraq daim aktivdir.Bu piy maddələr mübadiləsinə müdaxilə edir, insulin müqavimətini artırır, ürək-damar xəstəlikləri riskini olduqca yüksəldir.Çox vaxt qarnımızın sərtləşərək irəli çıxmasının səbəbi də məhz bu olur.
Dəri altı piyə müxtəlif üsullarla təsir etmək mümkündür və nəticə çox vaxt gözlə görünür. Məsələn, qidalanmanı savadlı şəkildə nizamlayanda, hərəkəti artıranda, ümumi kalorini nəzarətdə saxlayanda bu piy tədricən azalır və güzgüdə dəyişimi görürük.
Bu mərhələdə düşünürük ki, artıq hər şey düzgün gedir. Amma burada incə və vacib bir məqam var. Görünən dəyişiklik hələ prosesin tam düzgün getdiyini göstərmir. Çünki paralel olaraq daxildə başqa təhlükəli proses də gedə bilər.
Ona görə daxili piylə məsələ tam fərqlidir. Bu, hormonal və metabolik pozuntunun nəticəsidir. Daxili piyin təhlükəli tərəfi odur ki, güzgüdə dərhal görünməyə bilər, amma bədənə təsiri artıq başlamış olur.
Bəli, çəkimizi itirə bilərik, hətta bədəndə incəlmə də görə bilərik.
Amma əgər qidalanma hələ də nizamsızdırsa, insulin tez-tez yüksəlirsə, stress davamlıdırsa, yuxu keyfiyyətində problem varsa, demək ki, daxili piyə hələ də təsir edə bilməmişik.
Belə vəziyyəti başa düşmək üçün “prosesi necə tez aradan qaldıraq” yanaşmasını bir kənara qoyub, sualı “bunu sağlam şəkildə necə edə bilərəm?” kimi düşünmək daha düzgün olardı.
Bunun üçün isə qidalanmanı mərhələli şəkildə nəzərdən keçirsək daha cox maarifləniş olarıq.
İlk mərhələ müasir həyat tərzimizlə bağlıdır.
Bu da çoxumuzun sürətli karbohidratlar və şəkərlə zəngin qidalar, müxtəlif fast food növləri qəbul etməyimizə gətirib çıxarır.
Bu qidalar bədənə daxil olduqda qanda şəkərin səviyyəsini sürətlə yüksəldir. Orqanizm isə buna cavab olaraq insulin hormonu ifraz edir.
İnsulinin əsas vəzifəsi qandakı şəkəri hüceyrələrə daşımaqdır.
Problem də elə burada başlayır. Əgər bu proses gün ərzində dəfələrlə təkrarlanırsa, insulin səviyyəsi daim yüksək qalır. İnsulin yüksək olduğu müddətdə isə bədən yağ yandırmır, əksinə aldığı artıq enerjini ehtiyat kimi saxlamağa başlayır və bu ehtiyatın əsas ünvanı da yenə qarın nahiyəsi olur.
İkinci mərhələ enerji balansı ilə bağlıdır. Çox vaxt düşünürük ki, onsuz da mən az yeyirəm, amma burada əsas məsələ miqdar yox, sistemin düzgün olmasıdır.
Gün ərzində nizamsız qidalanma, uzun fasilələrdən sonra çox yemək, tez-tez qəlyanaltılar və gizli şəkər mənbələri bədənin enerji idarəetməsini pozur.
Nəticədə bədən heç vaxt sabit rejimdə işləmir. Bir tərəfdən enerji qəbul olunur, digər tərəfdən isə istifadə olunmur. Bu balanssızlıq isə tədricən qarın piyinə çevrilir.
Üçüncü mərhələ psixoloji faktorlardır. Yəni biz sadəcə fiziki aclıq səbəbilə yemirik.
Çox vaxt yemək emosional reaksiyaya çevrilir. İşdə stress, məişət qayğıları, yorğunluq, darıxmaq və ya daxili gərginlik zamanı beyin bunları bizə “yemək istəyi” kimi təqdim edir.
Bu zaman kortizol hormonu artır. Kortizol həm iştahanı gücləndirir, həm də piyin məhz qarın nahiyəsində toplanmasına səbəb olur.
Yəni biz sadəcə kalori qəbul etmirik, biz psixoloji vəziyyətimizi qeyri-ixtiyari olaraq qida ilə tənzimləməyə çalışırıq. Bu isə prosesi daha da dərinləşdirir.
Dördüncü mərhələ yuxu və bərpa prosesidir.
Az yatmaq bədən üçün ciddi stress faktorudur. Yuxu çatışmazlığı zamanı toxluq və aclıq hormonları balansdan çıxır.
Biz daha çox aclıq hiss edirik, daha çox yemək istəyi artır və seçimlərimiz daha çox şəkərli qidalara yönəlir.
Bu vəziyyət də yenidən insulin və enerji balansını pozur və qarın piyinin yığılmasını sürətləndirir.
Bütün bu mərhələlər bir-birindən ayrı deyil, onlar zəncirvari şəkildə bir-birinə bağlı çalışır.
Ona görə səhv qidalanma, hormonal pozuntu, emosional yemək, yuxu problemi daha böyük hormonal disbalansa gətirib çıxarır.
Nəticədə bədən artıq yağ yığma rejimini normal vəziyyət kimi qəbul edir.
Yəni bu, bir növ adət halına gəlir.
Hə, bu nöqtədən sonra isə problemləri həll etmək üçün motivasiya axtarışına çıxırıq.
Artıq problemi bilirik, qaldı düzgün qidalanmaya start vermək.
Sabah başlayacam, bazar ertəsi başlayacam, ayın birindən 100%, özümü motivasiya etməliyəm kimi fikirlər ortaya çıxır.
Amma burada vacib bir həqiqət var, heç də hər şeyi motivasiyaya bağlamaq lazım deyil.
Əgər bizim qidalanma saatlarımız, nə yeyəcəyimiz, nə qədər yeyəcəyimiz planlıdırsa, qida ardıcıllığı bədən göstəricilərinə görə tərtib olunubsa, hərəkət gündəlik vərdişə çevrilibsə, bizə heç də motivasiya lazım olmayacaq.
Çünki biz sadəcə başlanmış prosesi davam etdiririk. Motivasiya isə nəticələri gördükcə özü formalaşır.
Yəni sistem düz işləyirsə, motivasiya özü gələcək.
Ona görə də bu mərhələləri dəqiq başa düşməliyik ki, dönüş nöqtəsini daha asan başlaya bilək.
Deməli, nəticə olaraq bildik ki, qarın piyi birdən yaranmayıb, onu aradan qaldırmaq da ani hərəkətlə mümkün olmayacaq.
Burada əsas məqsəd tez arıqlamaq yox, sistemi düzəltmək, onu düzgün çalışdırmaq olmalıdır.
Hə, bacarırıqsa özümüz, yox, özümüz bacarmırıqsa, bu işin peşəkarına müraciət etmək daha düzgün yanaşma sayılır.
Ən azından peşəkarla çalışmaq işi sistemli, nəzarətli və daha effektiv şəkildə qurmağa imkan verəcək.
Effektiv nəticəni isə bu yolla daha tez əldə etmək olar.
Hörmətlə:





