Qaribaşvili: “Azərbaycanla biz Cənubi Qafqazın daha sabit olmasına kömək edəcəyik”
“Gürcüstanla Azərbaycan arasında çox sıx iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq və ən əsası dostluq mövcuddur”.
“Qərb Xəbər” bildirir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında nümunəvi tərəfdaşlıq Cənubi Qafqazın daha stabil olmasına töhfə verəcək: “Dostumuz, Azərbaycanın baş naziri cənab Əli Əsədovu və Azərbaycan nümayəndə heyətini qəbul etmək mənim üçün böyük şərəfdir. Bu gün İqtisadi Əməkdaşlıq üzrə Hökumət Komissiyasının iclası keçiriləcək. Ölkələrimiz arasında çox sıx iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq, ən əsası dostluq münasibətləri mövcuddur. Münasibətimiz həqiqətən unikaldır və illər ərzində sınaqdan keçirilmişdir.
Bizim əsrlər boyu möhkəm dostluq, mehriban qonşuluq münasibətlərimiz var. Biz şadıq ki, bir neçə həftə əvvəl Gürcüstana mühüm səfər olan cənab İlham Əliyevi qəbul etmişik. Aramızda davam edən strateji layihələri müzakirə etdik, bu gün müzakirə edəcəyimiz planları qurduq. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, son vaxtlar birgə komissiyanın iclasları daha da fəallaşır və mən keçən il sözügedən komissiya çərçivəsində Bakıda keçirilən iclasda iştirak etdim. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Xalqlarımız və ölkələrimiz arasında tam anlaşma, dostluq var və bu əlaqələr getdikcə möhkəmlənir.
Qeyd etməliyəm ki, bu nümunəvi tərəfdaşlıqla biz Cənubi Qafqazın daha stabil bir region olmasına öz töhfəmizi veririk. Bu, bizim ümumi məqsədimizdir, daha böyük iqtisadi inkişaf və xalqlarımızın firavanlığına zəmin yaradacaq sabit region görmək bizim ümumi marağımızdır”, – deyə Baş nazir bildirib.




