Qəzzanın Həmasın nəzarətində olan hissəsinin Səhiyyə Nazirliyi bildirib ki, müharibənin başladığı 7 oktyabr tarixindən bugünədək bu bölgədə azı 4651 insan ölüb.
Qurum 14 mindən çox insanın yaralandığını açıqlayıb.
Nazirliyin bazar günü yaydığı bəyanatda ötən 24 saat ərzində 117-si uşaq olmaqla, 266 fələstinli öldürülüb.
“Qərb Xəbər” bildirir ki, bu barədə BBC Ərəbcə xidmətindən Adnan Əl-Burş məlumat verib. Qəzzanın mərkəzində yerləşən Deyr Əl-Bələh şəhərindəki Əl-Aqsa Şəhidlər xəstəxanası cansız bədənlərlə dolub.
Müxbirin bildirdiyinə görə, xəstəxanaya gətirilənlərin sayı çox olduğundan tibbi prosedurlar çox qısa aparılır və meyitlərin çoxu xəstəxananın həyətində ağ parçaya bükülür.
AFP agentliyinin və digər xəbər agentliklərinin yaydığı fotolarda, Qəzzada insanların itirdikləri yaxınlarına elə xəstəxananın həyətində yas tutduğu görünür.
Xəstəxananın tibbi personalı bütün prosesə nəzarət etməkdə ciddi çətinlik çəkir.
“Səhər açılandan buradayıq və xəstəxananın həyəti cansız bədənlərlə dolub. Saxlanma soyuducularında da yer yoxdur, xəstəxananın içində və həyətində, hər yerdə meyitlər var”, – xəstəxana işçisi deyir.
“Kifayət qədər kəfən yoxdur ki, ölmüş insanları kəfənləyək. Bütün bədənlər qopmuş, parçalanmış şəkildə gətirilir. Onların kimliyini müəyyənləşdirə bilmirik. Vəziyyət çox acınacaqlı, çox dözülməzdir. Baxmayaraq ki, bugünədək biz hər şeyin şahidi olmuşuq, amma heç vaxt belə bir vəziyyət görməmişdik”, – xəstəxana işçisi bildirir.
@BBC