Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Gürcüstanda 26 Oktyabrda baş tutan Parlament seçkiləri ilə bağlı bəyanatında belə deyilir.
Bəyanatda Prezident Bayden Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, “xarici təsir qanunu” kimi qanunları geri çəkməyə və Gürcüstanın bütün siyasi qüvvələri ilə inklüziv dialoqa dərhal başlamağa çağırır.
“Birləşmiş Ştatlar uzun müddətdir Gürcüstan xalqının yanındadır və Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Avroatlantik istəklərinə dəstək verir. Buna görə də, son dövrdə demokratik geriləmə, o cümlədən fundamental azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatları üçün məkanı daraldan qanun layihələrinin qəbul edilməsi çox narahatedicidir. Bu qanunlar Rusiyadakı qanunların güzgü əksini təmsil edir.
Bir neçə gün öncə 26 oktyabr tarixində keçirilmiş Gürcüstan parlament seçkiləri inzibati resurslardan sui-istifadə hallarının çoxluğu, seçicilərin qorxudulması və təzyiqə məruz qalması ilə zədələnmişdi.
Gürcüstan vətəndaşlarının, beynəlxalq və yerli müşahidəçilərin azad və ədalətli hesab etmədiyi bu seçkilərlə bağlı öz fikirlərini dinc yolla ifadə etmək hüquqları vardır.
Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşma və ifadə azadlığını məhdudlaşdıran “xarici təsir qanunu” kimi qanunları geri çəkməyə və Gürcüstanda seçki ədalətini bərpa etmək üçün bütün siyasi qüvvələrlə inklüziv dialoqa dərhal başlamağa çağırırıq.
Bütün tərəfləri hüququn aliliyinə və Gürcüstanın Avroatlantik gələcəyinin əsası olaraq qalan fundamental azadlıqlara tam hörmət etməyə çağırırıq” , – deyə Ağ Ev tərəfindən yayımlanan bəyanatda qeyd edilir.