Maraqlı

Populyar, amma riskli diyet-Zülal Təzyiqi Altında… ELNUR NEMƏTOVDAN dəyərli tövsüyyələr

19 iyul / 23:52 5 dəq
Elnur nemətov 4
19 iyul / 23:52
Burada sizin reklamınız ola bilər
Son illərdə müxtəlif arıqlama üsullarından istifadə olunur. Kimi 20 günə yaxın qarabaşaq (qreçka) pəhrizi tutur, kimi su ilə oruc tutur, bəziləri isə “aralıq orucu” (intermittent fasting) ilə nəticə axtarır. Sözsüz ki, bunlar effektivlik dərəcəsinə görə həmişə arzuolunan nəticəni vermir və bədən üçün riskli ola bilər.
Belə pəhrizlər siyahısında “sürətli arıqlama” vədi verən və geniş yayılmış üsullardan biri də **”Dükan diyeti”**dir. Bu diyeti yəqin ki, çoxlarımız eşitmişik. İlk baxışdan cazibədar və həvəsləndirici görünür: yemək yeyə-yeyə arıqlamaq, ac qalmamaq və bir həftəyə 3-5 kilo atmaq. Amma bir az dərinə getsək, bu nəticənin arxasında sağlamlıq üçün ciddi risklər və balanssız bir yanaşma dayandığını görürük.
Məlum olduğu kimi, bu diyet dörd mərhələdən ibarətdir:
1. Bədənə yalnız heyvan mənşəli zülallarla hücum (ət, toyuq, yumurta, balıq və s.)
2. Növbələşmə (ardıcıllıqla dəyişmə) – bəzən tərəvəz, bəzən yalnız zülal (bir gündən bir tərəvəz və ya zülal)
3. İtirilmiş çəkini bərkitmə – yəni zülal, tərəvəz, lifli qidalar qorunur, eləcə də porsiya nəzarəti, qida miqdarı tədricən artırılır, amma ölçü və kalori nəzarəti davam edir
4. Sabitləşmə – həyat boyu hər həftə bir gün yalnız zülal yemək, gündəlik yulaf kəpəyi qəbul etmək və bol su içmək
Gəldik əsas məsələyə. Bu dörd mərhələli sistem doğrudanmı sağlam arıqlama deməkdir?
İndi isə məsələyə detallı baxaq:
Dükan diyetində karbohidratlar demək olar ki, yoxdur. Bu, enerjini yağlardan almağa bədəni məcbur edir və ketoz vəziyyəti yaradır (bədən qlükoza tapa bilmədiyi üçün yağları parçalamağa başlayır). Müasir tibbin gəldiyi son nəticəyə əsasən, ağızdan çox pis qoxu gəlir (aseton iyi), baş ağrısı, halsızlıq, qıcıqlanma olur, metabolizm və bağırsaq sistemi pozulur. Həmçinin lifli qidalar azaldığı üçün qəbizlik, köp, həzm problemləri, bağırsaq mikroflorasının və immunitetin zəifləməsi qaçılmazdır.
Zülalın parçalanması nəticəsində orqanizmə çox miqdarda azotlu maddələr düşür (zülal parçalanması nəticəsində yaranan tullantı maddələr). Bu isə böyrəklərə ciddi yük, qaraciyər və sidik sistemində problemlər, həmçinin uzunmüddətli davam edərsə, böyrək çatışmazlığına gətirib çıxara bilər.
Heyvani məhsulların çoxluğu pis xolesterini yüksəldir, bu da arteriyalarda tutulma, hipertoniya və infarkt riskini artıra bilər. Bir sözlə, bədən bu cür qida rejiminə uyğunlaşmır. Çünki qeyri-sağlam və bədənə təhlükə verə biləcək istənilən diyet, təbiətən orqanizm tərəfindən qəbul olunmur.
Diyet bitdikdən sonra metabolizm zəiflədiyi üçün, əvvəlkindən daha çox çəki geri qayıdır. Psixoloji olaraq “məyusluq və özünə inamsızlıq”la nəticələnir.
Yekun:
Dükan diyeti pəhriz deyil, bədənin bioloji balansını pozan ekstremal rejimdir. Ən təhlükəlisi isə odur ki, bu üsul geniş yayılıb və sosial şəbəkələrdə “möcüzə” kimi təqdim olunur. Halbuki bu, bədəndə görünməyən dağıntılar yarada bilər.
Bəs necə arıqlayaq?
Sağlam arıqlama birdən-birə yox, mərhələli şəkildə aparılmalıdır. Qidalanma bütün makro və mikro qida maddələrini əhatə etməlidir. Pəhriz bədən analizinə əsaslanmalıdır. Ən əsası, hər kəs üçün eyni diyet proqramı ola bilməz. Diyet fərdi yanaşma istəyir.
Tövsiyə:
Dükan diyetinin bir müddət sizi güzgüdə sevindirməsi mümkündür, amma uzun müddət sağlamlığınızı təhlükə altına ata bilər. Sağlam bədənə sahib olmaq üçün düzgün qidalanmanı öyrənməliyik. Pəhrizlərə yox, həyat tərzinə dəyişiklik etməklə sağlam vücuda sahib olmaq olar. Ölkəmizdə bu işdə bizə kömək edə biləcək kifayət qədər peşəkar mütəxəssis mövcuddur.
Paylaş
Burada sizin reklamınız ola bilər