Piy hüceyrələri heç vaxt yox olmur — BƏS BİZ Necə arıqlayırıq?-SAĞLAM HƏYAT motivatoru ELNUR NEMƏTOVUN yazısı
Beynimizdə belə bir təsəvvür var:
piylər əriyir, hüceyrələr bədəndən çıxır və yox olur.
Amma elm deyir ki, bu, tamamilə səhvdir.
Bəs həqiqət nədir?
Gəlin baxaq, ümumiyyətlə piy nədir və necə yaranır.
Piy — bədənimizdə enerji ehtiyatı, hormon istehsalı və istilik izolyasiyası kimi vacib funksiyaları yerinə yetirən yağ toxumasıdır. Qida ilə qəbul etdiyimiz enerji bədənin xərclədiyi enerjidən çox olduqda, xüsusən şəkərli, unlu və çox yağlı qidalar piy yığılmasına gətirib çıxarır.
Burada əsas diqqət etməli olduğumuz məqamı unutmayaq:
piy hüceyrələri düzgün idarə olunmadıqda uzunmüddətli problem yarada bilər.
Piy hüceyrələrinin sayı əsasən uşaqlıq və yeniyetməlik dövründə formalaşır.
Təxminən 20–25 yaşdan sonra bu say sabit qalır. Arıqlayanda piy hüceyrələrinin sayı dəyişmir — sadəcə ölçüləri kiçilir.
Kökələndə həmin hüceyrələr yenidən böyüyür.
Çox kökəlsək, bədən əlavə piy hüceyrələri də yarada bilər və onlar ömür boyu bizimlə qalır.
Bu o deməkdir ki, arıqladıqdan sonra çəki saxlamaq nizamlı və sağlam qidalanma tələb edir. Çünki “boş” hüceyrələr yenidən dolmağa hazırdır. “Nizamsız arıqlama” sonrası tez kökəlməyin səbəblərindən biri də məhz budur.
Piy hüceyrələrini necə idarə etməli?
Piy hüceyrələrini yox edə bilməsək də, onların ölçüsünü nəzarətdə saxlaya bilərik:
1. Balanslı qidalanma — uzunmüddətli, davamlı plan.
2. Fiziki aktivlik — çəki saxlamaq üçün mütəmadi hərəkət və xüsusi məşqlər.
3. Metabolizmi qoruma — çox az yeməklə bədəni “yuxuya” verməmək.
4. Çəki qoruma strategiyası — arıqladıqdan sonra kalorini bir az artırıb sabitləşdirmək (adaptasiya).
Müasir tibb piy hüceyrələrini aşağı temperaturda donduraraq zədələmək və ya cərrahi yolla birbaşa bədəndən çıxarmaq kimi üsullardan istifadə edir.
Düzdür, bu üsullar piy hüceyrələrinin sayını həmin bölgədə azaldır və məhv edilən hüceyrələr yenidən yaranmır.
Amma risklər mövcuddur:
piy hüceyrələrinin azalma əvəzinə böyüməsi, nəticənin qeyri-bərabər olması (asimmetriya), infeksiya, uzun bərpa müddəti, psixoloji pozulmalar və anesteziyaya bağlı risklər müşahidə oluna bilər.
Həmçinin qalan piy hüceyrələri yenidən böyüyə və çox kökəlmə halında bədən yeni hüceyrələr də yarada bilər. Ona görə də nəticəni qorumaq üçün nizamlı, sağlam qidalanma və aktiv həyat tərzi yenə də vacibdir.
Nəticə:
Arıqlamaq müvəqqəti bir “piy əritmə əməliyyatı” deyil. Bu, bədəninin piy hüceyrələrini boş saxlamağı öyrənmək və onu uzunmüddətli idarə etmək sənətidir.
Tövsiyə:
Əgər nəticədə yenə də nizamlı, sağlam qidalanmanı qorumaq lazım olacaqsa, o zaman heç bir tibbi müdaxilə olmadan, yeyə-yeyə artıq piylərdən qurtulmaq daha məqsədə uyğundur.
Çünki bu, bizə nəfsimizi idarə etməyi, iradəmizi möhkəmləndirməyi və gələcəkdə baş verə biləcək fəsadların, xüsusən də yarana biləcək psixoloji pozuntuların qarşısını almaqda kömək edəcək.
Uzunmüddətli çəkiyə daha yaxşı nəzarət etməyin ən düzgün yolu budur.

