ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib.
Nensi Pelosinin səfəri bu gün yekunlaşacaq.
Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşüb.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Qabil Hüseynli bildirib ki, bu təxribatçı səfərdir.
“Sanki, bu xanımı təxribat üzrə kökləyiblər. Harada qarşıdurma, təxribat varsa oraya gəlir. Sual yaranır ki, onun burada nə işi var?. Azərbaycan və Ermənistan arasında münasibətlər yeni qaydaya düşür. Sülh müqaviləsinin bağlanmağı üçün müəyyən perspektivlər yaranıb”.
Qabil Hüseynli əlavə edib ki, 2 aydan sonra Konqresdə yeni seçkilər olacaq və Pelosi artıq Nümayəndələr Palatasının sədri olmayacaq.
“Pelosi vəzifəsindən gedəcək. Bu xanım burada demokratik davranış sərgiləməyərək, iki gərgin münasibəti olan ölkə arasında vəziyyəti daha da gərginləşdirib. Gəlib Ermənistana nələr lazım olduğundan danışır, daha sonra ermənilərin soyqırım adlandırdığı abidənin qabağında ağlayır. Bu çox biyabırçı hərəkətdir. Bunu xristiyan tərəfkeşliyi kimi də qiymətləndirmək olar”.
“Erməni analitik Arqişti Kiviryanın öz Facebook səhifəsində yazdığı fikir hesab edirəm ki, dogrudur. ABŞ- ın əsas hədəfi İranı blokadaya almaqdır. Burada məqsəd farslara qarşı yeni bir poliqon ələ keçirmək və mübarizəni buradan davam etdirməkdir” – deyə politoloq vurğulayıb.
Rahib İsgəndərli
Qərb Xəbər