“Bir tərəfdə 20 ildən artıq Türkiyədə hakimiyyətdə olan və bu müddət ərzindı Türkiyəni xeyli inkişaf etdirən komanda və onun rəhbəri var. Digər tərəfdə də uzun müddətdir dağınıq halda olan, son illər toparlanmağa başlayan müxalifət var”.
“Qərb Xəbər” bildirir ki, bunu politoloq Oktay Qasımov Bakıvaxtı.az-a Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlunun mayın 14-də keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədi olmasını şərh edərkən deyib.
Oqtay Qasımov deyib ki, müxalifətin toparlanması və qurulan koalisiyalar nəticəsində 2019-cu ildə bələdiyyə seçkilərində Cümhuriyyət Xalq, İYİ və Səadət partiyalarının dəstəyi ilə Türkiyənin bütün böyük şəhərlərində müxalifət uğur əldə etdi:
“Hazırkı hakimiyyətin ən ciddi problemlərindən birincisi Türkiyədə son illər yaşanan yüksək infilyasiya və iqtisadi problemlərdir. Düşünürəm ki, bu, hakimiyyətin uğurlarına ciddi şəkildə təsir edəcək”.
Politoloq qeyd edib ki, digər tərəfdən, bir ay öncə Türkiyədə baş verən dəhşətli hadisə, zəlzələ hakimiyyətin uğuruna mənfi təsir edən faktor kimi qiymətləndirilə bilər:
“Amma ümumən götürdükdə, hazırkı rəy sorğularında iqtidar və müxalifət tərəfinin bir-birinə çox yaxın olduğunu görürük”.
Müsahibimiz hesab edir ki, əsas proseslər bundan sonra başlayır:
“Artıq müxalifət özünün prezidentliyə namizədini elan etdi. Bundan zonra siyasi rəqabət daha da güclənəcək. Nəticənin necə olacağı Türkiyə vətəndaşlarının verəcəyi qərardan asılı olacaq. Hər bir halda biz Azərbaycan vətəndaşları olaraq seçkilərin Türkiyə üçün xeyirli, uğurlu olmasını arzulayırıq”.
O.Qasımov düşünür ki, bu, Ərdoğan hakimiyyəti üçün ən ciddi və çətin seçkilərdən ola bilər:
“Çünki qarşıda çox böyük bir müxalifət koalisiyası, “altılı masa” var. Hazırda Türkiyədə gedən proseslər onu göstərir ki, bu masaya daha çox siyasi partiyalar qoşulacaq. Xüsusən də, kürdlərin Xalqların Demokrat Partiyasının dəstəyi olarsa, hakimiyyətin işi çox çətin olacaq. Belə müsajlar da ilk olaraq dünən verilməyə başlandı”.
Oqtay Qasımov sonda onu da deyib ki, təxminən iki aydan sonra keçiriləcək prezident seçkisində kimin qələbə qazanacağı məsələsini indidən proqnozlaşdırmaq çox çətindir.