Yazarlar

Niyə Arıqlaya Bilmirik? Səbəb Düşündüyümüzdən Fərqlidir…-Nutrisoloq Elnur Nemətov yazır..

5 may / 23:26 7 dəq
Elnur hoca
5 may / 23:26
Burada sizin reklamınız ola bilər
 Arıqlamaq istəyirik… proses başlayır, qidalanmamıza diqqət edirik, bəzən sevdiyimiz yeməklərdən belə imtina edirik.
Amma buna baxmayaraq hər səhər tərəziyə çıxırıq — eyni rəqəmi görürük.
Bir gün… iki gün… bir həftə…
Ya çəki çox yavaş gedir, ya düşüb-qalxır, ya da ümumiyyətlə dəyişmir.
Sözsüz ki, arıqlayan insan üçün hər gün eyni rəqəmi görmək demotivasiya yaradır.
Fikirləşirik ki:
“Axı mən heç bir pozuntu etməmişəm…”
Bir vaxtdan sonra isə “məndə alınmır” deyib bu işin başını buraxırıq.
Bu niyə belə olur?
 Bildiyimiz kimi arıqlama əsasən iki yanaşma ilə baş verir.
Biri kalori defisiti, digəri xüsusi qida ardıcıllığıdır.
Bu iki anlayış bir-birinə bənzəsə də, mahiyyətcə çox fərqlidir.
Birincidə qida növündən daha çox ümumi kalori miqdarı ön plana çıxır.
Yəni əsas məntiq “nə yedim və nə qədər enerji aldım” hesablamasıdır.
İkincidə isə “nə qədər yedim” yox, qidaların növü və qəbul edilmə sırası vacib olur.
 Yəni “nəyi, nə ilə və necə yedim”, həmçinin lazım olan vaxt hansı qidanı nə ilə əvəzlədiyim daha önəmlidir.
Real həyatda effektiv nəticə bu iki yanaşmanın düzgün balansı ilə əldə olunur.
Yəni kalori defisiti ilə riyazi balans, qida ardıcıllığı ilə isə metabolik və hormonal balans təmin edilir.
Deməli məsələ tək qəbul etdiyimiz qidanın çəkisində deyil, onun orqanizmdə yaratdığı təsirdədir.
Biz çox vaxt yalnız qidanın həcminə baxırıq.
Amma bir az diqqət edəndə görürük ki, məhz pozuntu saymadığımız kiçik amillər çəkiyə birbaşa təsir edir.
Məsələn, gün ərzində fərq etmədən atışdırılan qidalar və ya “bir qaşıqdan, bir dilimdən nə olacaq ki?” deyib qəbul etdiyimiz artıq bir tikə belə zamanla bütün sistemə təsir göstərir.
Çünki orqanizm bunu sadəcə kiçik bir əlavə kimi qəbul etmir.
Gəlin baxaq orqanizmdə nə baş verir?
Hər artıq qida əlavə kalori və insulin reaksiyası deməkdir.
Bu da bizdə əlavə iştaha siqnalı yaradır.
Xüsusilə şəkərli və sürətli həzm olunan qidalar qəbul etdikdə qan şəkəri sürətlə qalxır.
Orqanizm buna cavab olaraq insulin ifraz edir. Bir müddət sonra isə şəkər yenidən düşür və insan yenə aclıq hiss etməyə başlayır.
Biz isə çox vaxt bunun pozuntu olduğunu fərq etmirik.
Çünki gözümüz yalnız yeməyin həcminə, yəni miqdarına fokuslanır.
Halbuki bəzi qidaların təsiri öz həcmindən qat-qat böyükdür.
Baxın, bir kibrit bütöv meşəni yandıra bildiyi kimi, bizə kiçik görünən bəzi əlavələr də bütün bədənin balansını dəyişə bilir.
Məsələn, boşqabınızda çox gözəl bir şorba var. Ona bir-iki çimdik artıq duz əlavə edirik.
Deyə bilərik ki, “Bu qədər az duz nə edəcək?”
Amma nəticədə bütün dad dəyişir. Şorba artıq əvvəlki kimi olmur.
Qidalanmada da eyni prinsip işləyir.
Orqanizm qidanı sadəcə qram kimi qəbul etmir.
Bəzi qidalar var ki, iştahanı artırır, insulin ifrazına daha güclü təsir göstərir, şirin istəklərini gücləndirir, toxluq hissini gecikdirir və ya qısa müddətli saxlayır, həmçinin bədəndə su tutulmasını artırır.
Deməli, problem “çox yemək” deyil, nə yediyimiz və bunun bədəndə nə yaratdığıdır.
Belə deyək: bir damcı su daş deşməz. Amma hər gün eyni nöqtəyə düşən damcı zamanla daşı belə deşə bilir.
Yəni bir dənə artıq yeyilən kökə bizi kök etməz.
Amma həmin kökənin ardınca şirin istəyimiz arta bilər, “onsuz da pozuldu” düşüncəsi yarana bilər.
Bu isə nəzarəti zəiflədər və günün davamında əlavə kalorilərə səbəb olar.
Bax, o tərəzidə gördüyümüz dəyişməyən rəqəmlər məhz bu kiçik saydığımız, təkrarlanan vərdişlərin təsiridir.
Tövsiyə:
Əgər çəki uzun müddət dəyişmirsə, motivasiyadan düşmək lazım deyil.
Burada ən vacib şey prosesi düzgün izləmək və qeydiyyat aparmaqdır.
Həm maraqlı, həm də çox effektiv olması üçün gün ərzində nə yediyimizi bir yerə qeyd edək və özümüzə sual verək: nə vaxt yemişik, neçə dəfə yemişik və əlavə olaraq nəsə atışdırmışıqmı?
Daha sonra bunları müşahidə etmək çox vacibdir:
hansı yeməkdən sonra tez acırıq, hansından sonra uzun müddət tox qalırıq, hansından sonra şirin istəyi artır.
Bir neçə gün sonra geri baxdıqda artıq öz bədənimizi daha yaxşı anlamağa başlayacağıq.
Hansı qidadan sonra çəkinin dəyişdiyini, hansı vərdişlərin təsir etdiyini görəcəyik.
Zamanla görəcəyik ki, artıq bədən özü siqnal verir: nə bizə uyğun gəlir, nə yox.
Və ən əsası, tərəzidəki rəqəm də artıq daha proqnozlaşdırıla bilən olacaq.
Yəni çəkinin niyə dəyişmədiyini anlayacaq və buna görə motivasiyadan düşməyəcəyik.
Əgər müstəqil şəkildə bu prosesi izləyə bilmiriksə, burada utanılacaq və ya zəiflik göstərəcək heç nə yoxdur.
Bu normal haldır.
Bəzən insan öz davranışlarını kənardan görməkdə çətinlik çəkir.
Bu zaman qidalanmanı daha peşəkar şəkildə analiz edən mütəxəssis dəstəyi almaq prosesi həm asanlaşdırar, həm də daha düzgün istiqamətləndirər.
Çünki bəzi hallarda problem sadəcə qidada yox, yuxu rejimində, stressdə, hormonal balansda və ya gündəlik vərdişlərdə gizlənə bilir.
Doğru yanaşma elə bir sistem qurmaq lazımdır ki, həm bədənimiz yüngülləşsin, həm enerjimiz artsın, həm də nəticə uzun müddət qala bilsin.
Saglam olmaq hər kəsin haqqıdır …
Hörmətlə: 
Paylaş
Burada sizin reklamınız ola bilər