Müəllim olmaq…-Bir ingilis dili müəlliminin xatirəsi
Bir gün sinifdə ingilis dilində şərti cümlələri izah edirdim. Aylardan dekabr idi.
Taxtaya ingiliscə bir cümlə yazdım:
“Bəli uşaqlar, taxtada “Əgər çox varlı olsaydım, anam üçün … alardım”, – yazılıb.
Cümlədəki boşluğu xəyal gücünüzdən istifadə edərək doldurun.
Aydın oldumu?” – dedim.
Elə görünürdü ki, hamı anlamışdı, çünki səssizcə payladığım balaca vərəqləri götürdülər və gözlərini tavana dikib fikirləşməyə başladılar.
Beş dəqiqə sonra sinfi dolaşaraq vərəqləri yığdım və bir-bir oxudum.
Kosmik gəmi, Ferrari, Mayamidə bilet, Maldivlərdə ada…
Mən oxuyurdum, sinif gülürdü.
Sonuncu vərəqi isə içimdə oxudum:“If I were rich, I would buy flowers for my mom.”
(Əgər varlı olsaydım, anam üçün çiçəklər alardım).
Bu cümlənin sahibi həmin il sinifə yeni gəlmiş, çəlimsiz və içinə qapanıq bir uşaq idi.
“Aramızda çox duyğusal bir dostumuz var!” – dedim. – “Səlim, qalx görüm, yazdığını yoldaşlarına deyə bilərsənmi?”
“Çiçək alaram, yazmışam, müəllim”, – dedi.
Sinifdə yüngül bir gülüş qopdu.
“Mən sizə çox varlı olduğunuzu düşünün, xəyal gücünüzü işlədin demişdim.
Sən buna baxmayaraq “çiçək alaram” yazmısansa, deməli mühüm bir səbəbin var”, – dedim.
O bir müddət susdu, sonra asta səslə ayağa qalxaraq: “Başqa heç nə ağlıma gəlmədi, müəllim”, – dedi.
Üzündə Mona Liza tablosunu xatırladan, gülmək və ağlamaq arasında qəribə bir ifadə vardı.
“Oğlum, məni ələ salırsan?” – dedim sərt səslə.
Heç cavab vermədi.
Vərəqləri geri payladım.
Dərs bitəndə zəng çalındı və şagirdlər arı sürüsü kimi həyətə axışdı.
Çöldə narın bir yağış yağırdı.
Ertəsi gün məktəbə gələndə Səlimin atasını foyedə məni gözləyərkən gördüm.
Onun qarşısındakı stolun üstündə, bir gün əvvəl sinifdə payladığım büzüşmüş vərəq dururdu.
Oturub bir az söhbət etdik.
Qısa bir görüşmədən sonra ayrıldı.
… Mən isə çətinliklə otağıma doğru getdim.
Başım fırlanırdı.
Hıçqırtıya bənzər qəribə bir şey, diafraqmamdan boğazıma qədər qalxmış, partlamağa hazır dayanmışdı.
O balaca boşluğu “çiçək”lə dolduran Səlimin həyatındakı ən böyük boşluğu da çiçəklə doldurmağa çalışdığını anladım.
Onu da bildim ki, Səlim üç ay əvvəl anasını avtomobil qəzasında itirib və o gündən etibarən, atasıyla hər Cümə günü məzarlığa gedib, anasının məzarına çiçək qoyur.
Atası deyirdi ki, Səlim ötən gecə üzünü yastığa qoyaraq səhərə qədər hıçqırıb…
Mən isə bir şeyi anladım. Universitet diplomu ilə müəllim olmaq mümkün deyil.
“Müəllimlik səhər gedib günortaya qayıtdığın, şənbə, bazar, tətil,
yay istirahəti etdiyin bir peşə deyil.
Müəllimlik ana olmaqdır.
Ata olmaqdır.
Qardaş olmaqdır.
Bir sözlə, insan olmaqdır.”
P.S. “Qərb xəbər” portalı olaraq bütün müəllimlərin peşə bayramını təbrik edirik.
P.S.S. Yazı Fakt.az-ın sosial media hesabından götürülüb




