Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ağdərə istiqamətində Azərbaycan qoşunları Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.
Cəbrayıl-Füzuli istiqamətində isə qarşı tərəfin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.
Murov dağı istiqamətində də əməliyyat şəraiti nəzarətdədir.
Saat 00:00-dan 07:00-dək Ermənistan silahlı qüvvələrinin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.
Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.
Döyüşlərdə əldə edilən uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır.
İctimaiyyətə əlavə məlumat veriləcək və videolar təqdim olunacaq.