Milli Yaylaq Festivalından 8 gün sonra… – Fotolar
Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verildi. Bilənlər bilir, bilməyənlərə də agah olsun ki, elə həmin ayın 28-dək davam edən festival Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə baş tutdu.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılmışdı. Üzrlü səbəblərdən biz bunları sadəcə gündəlik mediada yayımlanan xəbərlərdən oxuyub izlədik.
Festivalın başa çatmasından düz səkkiz gün sonra Düzyurd-Miskinli yaylağına varanda düşünürdük ki, çoxdan lələ köçüb, yurdu qalıb. Yəni yaylağa toplaşan insanlar dağılışıb, çadırlar sökülüb… Düzdür, yaylaq mediada yayımlanan fotolardakı kimi tünlük deyildi, amma insanlar hələ də gəlməyə davam edirdilər. Elə çadırlar da sökülməmişdi, yaylaqda quraşdırılmış masalar da yerində idi.
Biri gəlib, biri gedən qonaq-qara özü ilə gətirdiyi şeyləri açıb masalara sərir, çayçı çay dəmləyir, kətə bişirən növbəti kətəsini bəh-bəhlə yağlayırdı. Atlar çapır, quşlar ötür, itlər hürüşürdü, buna baxmayaraq ətraf sakit idi. Elə bil o çal-çağır – çal oynasın, vur çatlasın məclis cəmi bir həftə qabaq burada olmamışdı. Nə təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, nə dövlət və hökumət rəsmiləri, nə diplomatlar, nə 16 ölkənin nümayəndələri, nə də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər buraya ayaq basmışdı. Həyat öz axarıyla davam edirdi.
“Bölgənin Səsi” komandası olaraq biz də həyatın axarına qoşulub atalarımızın at çapıb, ov elədiyi yurdların havasından, suyundan zövq almağa qərar verdik. Bu arada hələ də gələni-gedəni kəsilməyən yaylağı görməyənlərin də görməsi üçün kameramızın yaddaşına köçürməyə çalışdıq. Kameramızın yaddaşından “süzülən” kadrları sizinlə bölüşürük:
















