“Makron Ermənistan naminə Paşinyandan daha çox çalışır” – Şərh
“Bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin.
Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı zamanı deyib.
Məsələni “Qərb Xəbər”ə dəyərləndirən siyasi analitik Asif Nərmanlı bildirib ki, bu məsələlərdə erməni lobbisinin təsiri kifayət qədərdir. Onlar həm Fransada, həm də Avropanın digər ölkələrinə təsir imkanlarına malikdir.
“Fransanın daxili və xarici siyasətində erməni lobbisinin rolu bəllidir. Lakin, Makrondan əvvəlki Fransa hökumətləri balansı qoruyurdular. Ən azından mövqelərini bu qədər açıq bəlli etmirdilər. Makron hakimiyyətə gələndən sonra Ermənistan naminə Paşinyandan daha çox çalışır. Fransadakı son seçkilərdə həm Makron, həm də digər namizədlər orada yaşayan ermənilərin maraqlarını daha çox müdafiə etməyə başladılar. Bu da təxminən 500-700 min arasında olan erməni seçicisinin səsini almaq məqsədi daşıyırdı. Amma, təkcə səs məsələsi deyil, həm də maliyyə maraqları var. Orada yetərincə imkanlı ermənilər yaşamaqdadır. Makron seçki ərəfəsində verdiyi vədləri indi də davam etdirir. Bu Fransanın daxili siyasətinin təzahürüdür”.
Siyasi analitik əlavə edib ki, Fransanın Cənubi Qafqaz siyasətinə baxdıqda Ermənistan onlar üçün platforma rolunu oynayan ölkələrdən birinə çevrilib.

“Fransanın geosiyasi maraqları da var. Fransa digər qlobal güclər kimi dünyada söz sahibi olmaq istəyir. Digər tərəftən isə Cənubi Qafqaz artıq Ermənistan-Azərbaycan münasibətləri kontekstindən çıxıb. C. Qafqaz qlobal toqquşmaların mərkəzlərindən birinə çevrilib. Bu prosesdə Türkiyə, Rusiya, ABŞ kimi ölkələrlə yanaşı Fransa da bölgədə rol oynamağa çalışır. Makronun sonuncu çıxışı isə Fransanın tərəf olduğunü açıq şəkildə göstərdi. Fransa bundan sonra Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz”.
“Fikrimcə, Fransa Ermənistanı öz müttəfiqinə çevirərək Rusiyanın təsirindən çıxarmaq istəyir. Bununla da Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Eyni zamanda güc mərkəzləri arasında öz rolunu artırmağa çalışır. Gələn ay Senatda qaldırılacaq məsələ daha ciddi gərginliklərin olacağına güman verir. Makronun çıxışına qədər belə gözlənti var idi ki, Rəsmi Paris bu məsələnin üzərinə çox getməyəcək. Lakin, Makron çıxışında bildirdi ki, bu Rəsmi Parisin öz siyasətidir. Onlar üçün qaz və neft məsələsi dırnaqarası dəyərlərindən üstün ola bilməz. Onuda bildirim ki, Fransa Azərbaycandan qaz ya da neft almır. Hesab edirəm ki, Fransa Azərbaycana daha çox təzyiq etməyə çalışacaq. Gözlənilir ki, gələn ay Azərbaycana qarşı sanksiyalar gündəmə gətirilsin” – deyə Asif Nərimanlı vurğulayıb.
Rahib İsgəndərli




