Bərdədə ‘Mənim Arzularım var’ layihəsi yekunlaşıb
Erkən evliliklərə qarşı mübarizə məqsədilə, Bərdə Qadın Klubunun təşkilatçılığı ilə Bərdə rayonunda həyata keçirilən ‘Mənim Arzularım var!’ layihəsi fevral ayında başa çatıb.
Qerbxeber.com bildirir ki,layihə çərçivəsində Bərdənin kəndlərində məktəbli qızlarla, onların müəllimləri və valideynlərlə, eyni zamanda yerli icra nümayəndəlikləri və bələdiyyələrlə maarifləndirici görüşlər keçirilib və erkən nikahların səbəbləri, fəsadları və həlli yolları müzakirə edilib. Keçirilən görüşlərdə layihə komandası ilə yanaşı, psixoloq, ginekoloq və həkim, polis, eyni zamanda, erkən nikahların qurbanı olmuş qadınlar, karyera və şəxsi həyatında uğur qazanmış qadınlar da iştirak ediblər.
Layihə komandasının verdiyi məlumata görə, görüşlərə həkim-ginekoloqun dəvətinin əsas səbəbi, erkən nikahların tibbi və sağlamlıqla bağlı fəsadlarını auditoriyaya çatdırmaq idisə, psixoloqların iştirakı isə bu problemin qızlarda psixo-sosial təhlükələr yaratması və daha ciddi travmatik nəticələr doğurmasına yol açmasının, məhz, peşəkarların yerli vətəndaşlara çatdırmasından ibarət idi. “Ümumiyyətlə, insanların danışmaqdan çox nümunələri öz gözləri ilə görməsi daha effektiv nəticələr verir. Bu məqsədlə, biz görüşlərə erkən nikah qurbanı olmuş qadınları və iş həyatənda , karyerasında uğur qazanmış qadınları dəvət etdik ki, öz hekayələrini şagirdlərlə və valideynlərlə paylaşsınlar. ”
Bunlarla yanaşı, layihənin həyata keçirildiyi müddətdə sosial media vasitəsilə erkən nikah qurbanlarından alınmış müsahibələr paylaşılıb və #erkənnikahlarayoxdeyək həştəqi ilə layihə və məqsədinin daha geniş kütləyə çatmasına müvəffəq olunub.
Qeyd edək ki, layihə 12 ay davam edib və Bərdə Qadın Klubu tərəfindən həyata keçirilib.








