Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas yerləşdirilməsindən sonra orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, müsabiqənin əsas yerləşdirmə mərhələsində 3000-ə qədər vakant müəllim yeri tutulub. Qalan vakant qalan yerlər isə əlavə yerləşdirmə üçün təqdim edilib.
Nazirlik rəsmisi qeyd edib ki, artıq 4000-ə qədər namizəd əlavə yerləşdirmədə iştirak üçün vakant yerləri seçərək elektron ərizəsini təsdiq edib:
“Elektron ərizəsini təsdiq etməyib onu natamam saxlayanların sayı isə daha çoxdur. Bu gün əlavə yerləşdirməyə müraciət üçün sonuncu gündür. Bu gün 23.59-da elektron sənəd qəbulu prosesi başa çatacaq. Sabah gün ərzində elektron yerləşdirmə həyata keçiriləcək və namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumatlar göndəriləcək”.
M.Camalzadə qeyd edib ki, sentyabrın 2-3-də müsahibələrin təşkili planlaşdırılır. Namizədlərin sayından asılı olaraq, müsahibələr 1, yaxud 2 gün keçirilə bilər.