Son günlər havaların qeyri-sabit, qarlı-yağışlı keçməsinə baxmayaraq, Kür çayında suyun səviyyəsi azalır. Bu daha çox çayın qərb bölgəsindən keçən hissəsində müşahidə olunur.
“Qərb Xəbər”in məlumatına görə, Kürün su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Demək olar, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür.
Kür çayının qərb bölgəsindən keçən, yəni Şəmkir su anbarından Qırmızı Körpüyədək hissəsinin uzunluğu 200 km təşkil edir. Təkcə Tovuzdan keçən 23 km məsafədə azalma hər gün davam edir.
Mütəxəssislərin fikrincə, Kür çayında bundan sonra da azalmalar müşahidə olunarsa, yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında su qıtlığı yarana bilər. Çayın səviyyəsinin azalması isə su nasos stansiyalarının işinə də təsirsiz ötüşməyib. Nasoslar tam gücü ilə işləyə bilmir. Belə olduqda əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaranır.