İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.
Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentdən bildirilib.
Qeyd olunub ki, qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir.
Xatırladaq ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi boğazın bağlana biləcəyini bildirib.
Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Boğazın şimalında İran, cənubunda isə Oman və BƏƏ yerləşir.
Digər tərəfdən, Hörmüz boğazının bağlanması dünya neft təchizatının təxminən 20 faizinə birbaşa təsir edəcək.
İran ilə Oman arasında yerləşən və Fars körfəzini açıq dənizlərlə birləşdirən Hörmüz boğazı dünyanın ən kritik neft keçid nöqtələrindən biri hesab olunur. ABŞ Enerji Məlumat İdarəsinin məlumatına görə, hər gün təxminən 20 milyon barel neft bu dar dəniz yolundan daşınır.
İsrail-İran toqquşmaların baş verdiyi gün neftin qiyməti barel üçün 78 dollara qədər yüksəlmişdi. Qərb mediasına açıqlama verən mütəxəssislərə görə, boğazın bağlanması halında bu qiymət 100 dolları aşa bilər.
Beynəlxalq Enerji Agentliyi (IEA) bu gün yayımladığı hesabatda, dünya üzrə neft təchizatının təxminən dörddə birinin bu boğazdan keçdiyini xatırladaraq xəbərdarlıq edib: “Boğazın qısa müddətə belə bağlanması qlobal neft və təbii qaz bazarlarına böyük təsir göstərə bilər”