Gürcüstan parlamenti “Deoliqarxizasiya haqqında” qanun layihəsini qəbul edib
Ölkə parlamenti “Deoliqarxizasiya haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, 80 deputat sözügüdən qanun layihəsinin leyhinə, 9-u isə əleyhinə səs verib. “Deoliqarxizasiya haqqında” qanun layihəsinə əsasən, ictimai həyatda mühüm iqtisadi və siyasi çəkiyə malik olan şəxsin “oliqarx” adlandırılması üçün, o aşağıdakı meyarlardan ən azı üçünə cavab verən fiziki şəxs olmalıdır: a) Siyasi həyatda iştirak edir; b) Kütləvi informasiya vasitələrinə əhəmiyyətli təsir göstərir; c) Bazarda (ticarətdə) dominant mövqe tutan və bu mövqeyini 1 il ərzində saxlayan və ya yaxşılaşdıran sahibkarın benefisiarıdır; d) Onun və benefisiar olduğu sahibkarın aktivlərinin təsdiq edilmiş məbləği 1 yanvar tarixinə görə əmək qabiliyyətli şəxslər üçün müəyyən edilmiş yaşayış minimumundan 1 000 000 mislindən artıqdır.
Qeyd edək ki, deoliqarxizasiya ilə bağlı qanun layihəsinin qəbulu Avropa İttifaqının Gürcüstan üçün hazırladığı 12 bənddən ibarət tövsiyyələr paketinə daxildir.




