Evdə bişən hər yemək sağlamdırmı ?- Sağlam həyat üzrə motivator ELNUR NEMƏTOVun yazısı
Əksəriyyətimiz düşünürük ki:
“Evdə bişiririksə, demək, sağlam qidalanırıq.”
Bəzilərimiz isə sağlam qidalanmanı yalnız pəhriz saxlamaq, arıqlamaq və formada qalmaq kimi qəbul edirik.
Amma bu, belə deyil.
Çünki:
Hər evdə bişən yemək sağlam olmur, hər pəhriz bədənə faydalı olmur və formada qalmaq həmişə sağlamlıq demək deyil.
Bəzən qidalanmada çox yayılmış səhvlərə yol veririk.
Məsələn:
Yeməyi tam kəsərək aclıq pəhrizlərinə başlayırıq.
Tək qida qruplarına əsaslanırıq (məsələn, təkcə zülalla qidalanmaq).
Şəkəri rasiondan tam çıxarıb, əvəzində çoxlu meyvə (fruktoza) qəbul edirik.
Su içmir, çayı su kimi qəbul edirik.
Gecə yeməkləri yeyir və ekran qarşısında yeməklə nəzarəti itiririk.
Bu isə:
Enerji səviyyəsinin azalmasına,
Həzm sisteminin pozulmasına,
İmmunitetin zəifləməsinə,
Hormonal balansın pozulmasına,
Piylənmə və xroniki xəstəliklərin (şəkər, təzyiq, ürək-damar problemləri) artmasına səbəb olur.
Sonra başlayırıq gileylənməyə:
“Axı mən ev yeməkləri yedim…”
“İdmana da başladım…”
“Şirniyyatı da kəsmişdim…”
“Nə qədər cəhd elədim, amma nəsə düz getmədi…”
Kökəldim…
Unutmayaq ki, qida bizi ya yavaş-yavaş məhv edir, ya da səssizcə gücləndirir.
Bəli, çoxumuz bu mərhələdən keçmişik.
Sağlamlıq yalnız nə yediyimiz və ya hərəkət etdiyimizlə bağlı deyil.
Əsas məsələ — nəyi, necə və nə vaxt etdiyimizi bilərək, doğru seçimlər etməkdir.
Bəs sağlam qidalanma nədir?
Sağlam qidalanma — bədənin gündəlik ehtiyaclarını qarşılayan, enerji verən, immuniteti gücləndirən, hormonal tarazlığı qoruyan, bir çox xəstəliklərin qarşısını alan və uzunömürlülüyü təşviq edən bir həyat tərzidir.
Sağlam qidalanmanın 5 əsas prinsipinə əməl edib gündəlik həyatımızda tətbiq etsək, özümüzü daha enerjili və sağlam hiss edərik.
Bu prinsiplər:
1. Balans:
Karbohidratlar, zülallar və yağlar arasında tarazlıq. Vitamin və mineralların kifayət qədər qəbulu.
Əgər bu komponentlərdən biri çox, digəri az olarsa, bədən disbalansa düşür: yorğunluq, immun zəifliyi, çəkidə dəyişiklik, həzm pozğunluğu və s. baş verir.
2. Müxtəliflik:
Tərəvəzlər, meyvələr, taxıllar və zülal mənbələrinin növbələnməsi.
Rəngli, canlı və zəngin menyu.
Qidaları növbələdikcə həm bədən daha çox vitamin və mineral alır, həm də zövq və doyum hissi artır.
3. Təbii və az emal olunmuş məhsullar:
Konservləşdirilmiş, çox duzlu, şirin və kimyəvi qatqılı məhsullardan uzaq durmaq.
Məsələn: kolbasa, sosiska, paketli şirniyyatlar, hazır meyvə şirələri, qazlı içkilər və s.
4. Nizamlı yemək rejimi:
Gündə 3 əsas və 1–2 ara yemək (səhər, günorta, axşam + kiçik ara qidalar).
Bu halda qanda şəkər səviyyəsi sabit qalır, aclıq krizləri və çox yemək istəyi azalır, maddələr mübadiləsi sürətli işləyir, enerji tənzimlənir, çəki nəzarətdə olur.
5. Kifayət qədər su içmək:
Çəkiyə görə gündəlik su ehtiyacını ödəmək. Nə az, nə çox — qaydasında.
Su bədəndə maddələr mübadiləsini sürətləndirir, toksinləri xaric edir, həzm sistemini dəstəkləyir, dərinin və orqanların sağlamlığını qoruyur, aclıq hissini azaldır.
Qeyd olaraq:
Sağlam qidalanma — bir dəfəlik yox, ömürlük vərdiş olmalıdır.
Bu vərdiş hər yaşda insan üçün uyğundur və həm bədəni, həm də zehni gücləndirir.
Əsas olan — onu həyat tərzinə çevirməkdir.
Tövsiyəm:
Gəlin yeməklə münasibətimizə yenidən baxaq.
Qidanı düzgün tanıyaq və ondan necə istifadə etməyi öyrənək.
Çünki biz qidalanma ilə özümüzə zərər yox, güc verməyi bacarmalıyıq.
Vacib olan — sadəcə arıqlamaq yox, sağlam yaşamaqdır!
Hörmətlə:Elnur Nemətov




