“D-8 (“İslam səkkizliyi”) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030 hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV 100-ə müsahibəsində deyib.
Məsələni ‘Qərb Xəbər’ə şərh edən politoloq Oktay Qasımlı bildirib ki, Azərbaycan çox müxtəlif istiqamətlərdə öz xarici siyasətini həyata keçirir:
“Azərbaycan o təşkilata üzvlüklə bağlı müraciət edibsə, deməli artıq siyasi qərar verilib. Demək ki, bu formatda iştirak etmək istəyir. Azərbaycan öz maraqlarına uyğun platformalarda iştirak etmək və faydalanmaq istəyir. Həmçinin, tövhə vermək istəyir. Bu istiqamətlərdən biri də islam ölkələri ilə əlaqələrin qurulmasıdır. Bu istər İslam Əməkdaşlıq Təşkilatı olsun, istərsə də D-8 təşkilatı olsun. Azərbaycan eyni zamanda Qoşulmama Hərəkatına üzvdür və artıq 3-cü ildir ona rəhbərlik edir. O cümlədən Avropa ölkələri və Postsovet ölkələri ilə də əlaqələrini genişləndirməkdədir”.
“Təbii ki, bizə ən yaxın dövlətlər Türkiyə və Pakistandır. Bu baxımdan Azərbaycanın D-8 təşkilatına qoşulmaq istəyi normaldır. Azərbaycanın təklifinə müsbət cavab veriləcəksə, bunun ölkəyə faydaları ola bilər” – deyə Oktay Qasımlı qeyd edib.
Politoloq əlavə edib ki, ‘İslam səkkizliyi’ təşkilatının sülhü və demokratiyanı dəstəkləməsi isə çox normaldır. Çünki, əməkdaşlıq üçün qurulan təşkilatların əksəriyyəti bu prinsiplər üstünə qurulub. D-8 formatı daha kiçik format olmasına baxmayaraq, oraya daha yaxın dövlətlər üzvdür. Bunun üçün də belə formatlardan mümkün olduğu qədər bəhrələnmək lazımdır.
Rahib İsgəndərli
Qərb Xəbər