“Mən demək olar bütün məlumatları mediadan oxuyuram. Biz medianın peşəkarlığına üstünlük veririk. Bəzi hallarda media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edirik”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bir sıra hallarda yazılanlarla bağlı həmin şəxslər barəsində inzibati icraat başlanılıb:
“Cəmiyyətdə isə bizi buna görə qəbul etmir, prokurorluğu günahlandırırlar. Biz prokurorluq olaraq haqlı tənqidə açığıq. Biz mediaya açıq qurumuq. Lakin etik qaydalar var, onlar pozulmamalıdır. Bəzi media nümayəndələri qərəzli olaraq qıcıq yaradırlar. Bu da təbidir. Lakin yazılarda etik qaydalar pozulmamalıdır”.
Dövlət başçısı İlham Əliyevin də medianın nəzarətini yüksək qiymətləndirdiyini qeyd edən Baş prokuror Kamran Əliyev Azərbaycan prokurorluğunun fəaliyyətinin mətbuat orqanlarında müsbət qiymətləndirilməsinə çalışdığını bildirib. Baş prokuror, həmçinin jurnalistlərə müraciət edərək onları sensasiya yaratmaq xatirinə məlumat yaymaqdan çəkinməyə çağırıb: “Bəzən jurnalistikanın adından istifadə edib, reketlik edənlər var. Həmin şəxslər prokurorluğa çağırılaraq müvafiq tədbirlər görülür. Mediada insanların şərəf, ləyaqətini alçaltmağa yönələn, sensasiya yaratmağa meylli məlumatlar olmamalıdır”.