Ər-Riyadda ABŞ-Rusiya danışıqları başa çatıb. Danışıqlar 4 saat yarım davam edib.
Qerbxeber.com Azadlıq radiosuna istinadən xəbər verir ki, ABŞ rəsmiləri ilə görüş zamanı yaxın vaxtlarda Ukrayna nizamlanması prosesinin başlanması barədə razılıq əldə olunub. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər-Riyaddakı görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrov NATO ölkələrindən Ukraynaya sülhməramlıların göndərilməsinin mümkünlüyü ilə bağlı təşəbbüsün qəbuledilməz olduğunu vurğulayaraq səbəb kimi Rusiya suverenliyinə “birbaşa” təhlükəni göstərib.
S.Lavrov ABŞ nümayəndələri ilə söhbəti “faydalı” adlandırıb. “Biz sadəcə dinləmədik, bir-birimizi eşitdik. Düşünməyə əsas var ki, Amerika tərəfi bizim mövqeyimizi daha yaxşı anlamağa başlayıb, biz bunu prezident Putinin çoxsaylı çıxışları əsasında bir daha ətraflı və konkret misallarla izah etdik”, – Lavrov deyib.
Onun sözlərinə görə, tərəflər iki ölkənin səfirlərinin mümkün qədər tez təyin olunmasını təmin etmək barədə razılığa gəliblər.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, qarşıda çox iş var, bu görüş “uzun və çətin yolda ilk addımdır”. O əlavə edib ki, ABŞ Ukraynada davamlı və ədalətli sülhün bərqərar olmasına çalışır.
Rubio Ukrayna kimi, Avropa İttifaqı (Aİ) ölkələrinin də danışıqlar prosesindən kənarlaşdırılmayacağını söyləyib. Onun fikrincə, sülh şərtləri hər kəs, o cümlədən Ukrayna, Rusiya və Aİ üçün məqbul olmalı, bütün tərəflər güzəştə hazır olmalıdır.
M.Rubionun sözlərinə görə, Rusiya ilə ABŞ Moskva və Vaşinqtondakı səfirliklərində şəxsi heyətin sayını bərpa etmək barədə razılığa gəliblər.
+++
Rusiya nümayəndə heyətinin üzvü Yuri Uşakov danışıqların pis getmədiyini, tərəflərin bütün məsələlərlə bağlı “ciddi” söhbət apardıqlarını deyib.
Uşakovun sözlərinə görə, Ukrayna ilə bağlı məsələləri müzakirə etməyə başlayacaq danışıqlar qrupları yaradılacaq. Heyət üzvünün qeyd etməsinə görə, iki ölkə prezidentləri arasında görüşə hazırlıq da müzakirə olunub, lakin onun gələn həftə baş tutması ehtimalı azdır.
Uşakov həmçinin vurğulayıb ki, ABŞ və Rusiyanın yaxınlaşdığını söyləmək, hələlik, çətindir, lakin “bu barədə söhbət olub”.
+++
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, M.Rubio və S.Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərdə “qıcıqlandırıcı” məsələləri aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər. Departament həmçinin bəyan edib ki, ümumi geosiyasi maraqlara dair məsələlərdə əməkdaşlıq və müharibə başa çatdıqdan sonra Rusiya ilə iqtisadi əlaqələrin gələcəyi müzakirə olunub.
Dövlət Departamentinin sözçüsü Temmi Bryus tərəflərin Ukraynada sülh nizamlanmasını müzakirə etmək üçün qruplar yaratmağa razılaşdıqlarını təsdiqləyib. O, eyni zamanda qeyd edib ki, bir görüş keçirməklə müharibəni dayandırmaq olmaz.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksəksəviyyəli Rusiya-ABŞ nümayəndələrinin danışıqları olub. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan bəri ilk belə görüşdür.
Hər iki tərəf bu görüşü ölkələr arasında dialoqun qurulması, eləcə də Ukraynada mümkün sülh danışıqları istiqamətində ilk addım kimi qiymətləndirir. Orada prezidentlərin sammitinə hazırlıq məsələləri də müzakirə olunacaq. Ukrayna və digər ölkələrin nümayəndələri görüşə dəvət olunmayıblar. Görüş ikitərəfli formatda keçirilir.
Nümayəndə heyətlərinə xarici siyasət idarələrinin rəhbərləri – ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edirlər. Amerika nümayəndə heyətinə həmçinin milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts və prezidentin xüsusi elçisi Stiven Uitkoff daxildir.
Rusiya nümayəndə heyətində prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də var.
Səudiyyə Ərəbistanını danışıqlar masasında xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd əl-Ayban təmsil edir.