“9-cu sinif şagirdləri arasında keçirilən buraxılış imtahanının ilk həftəsində şagirdlər tərəfindən ciddi narazılıqlar eşidildi. Xüsusən də riyaziyyat fənni və ingilis-dilindən dinləmə mətinləri və s. olan suallar müyyən qədər şagirdlər tərəfindən haqlı narazılıqlara səbəb oldu”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında riyaziyyat fənninin sullarının çətinliyi ilə bağlı narazılıqlardan danışarkən deyib. Kamran Əsədov şagirdlərin iki ildən çoxdur ki, pandemiyadan əziyyət çəkdiyini vurğulayıb:
“Və onlar tam şəkildə dərs prosesində iştirak etmirlər. 9-cu sinifdə imtahan verən şagirdlər iki ildən çoxdur ki, məktəblə o qədər də ciddi təmasda deyillər. Pandemiya dövründə riyaziyyat fənninin tədrisi ilə bağlı problemlər vardı. Onlayn rejimdə bu fənləri tədris etmək mümkün deyildi. Bütün bunlar tədrisin təşkilinə öz çətinliyini yaratmışdı və birmənalı olaraq bu imtahanın nəticələrinə təsirini göstərəcəkdi”.
Ekspert bildirib ki, DİM dövlətin müəyyən etdiyi standartları yoxlayıb, orada hər hansı bir amili, xüsusiyyəti nəzərə almır:
“DİM hesab edir ki, istər pandemiya dövründə, istərsə də ənənəvi qaydada tədris zamanı şagirdlərdə bilik və bacarıqlar formalaşdırılır. Bölgələrdə şagirdlərin hamısının internetə çıxış imkanı yoxdur. Keçirilən imtahanların heç birində pandemiya dövrünün çətinlikləri nəzərə alınmayıb. Hesab edirəm ki, imtahanlara müəyyən qədər individual yanaşmaq lazımdır. Burada 9-cu sinif şagirdlərinin imtahanlarının nəticələri onların kolleclərə qəbul olunmasında çox ciddin təsir göstərəcək”.
Kamran Əsədov hesab edir ki, ümumilikdə buraxılış imtahanlarında çətinlik yaradan situsaiya tipli sulların olmasıdır:
“Yəni, yazılması bir başa imtahan iştirakçısı tərəfindən tələb olunan sullar var ki, onların cavablandırılması şagirdlərə çətinlik törədir. Şagirdlər daha çox qapalı tipli sulları cavablandıra bilirlər. Amma açıq və situasiya tipli sulların cavablandırılması abituriyentlər tərəfindən faiz olaraq çox aşağıdır. Bu amil çox ciddidir. Hesab edirəm ki, biz buraxılış və qəbul imtahanlarından situasiya tipli sulları çıxarılmalıdır. Yalnız qapalı və açıq tipli sullar olarsa, hesab edirəm ki, biz şagirdlərin test cavablarını daha problemsiz yoxlaya bilərik”.
Ekspert qeyd edib ki, buraxılış imtahanlarında test tapşırıqlarının olduğu sual kitabçasının verilməməsi mənfi haldır:
“Hesab edirəm ki, nəticələrin aşağı olmasına, şagirdlərin yaxşı nəticə göstərməməsinə səbəb məhz bu amildir. Şagirdlər sual kitabçasından məhrumdurlar. DİM buraxılış imtahanında təqdim etdiyi test tapşırıqarı kitabçalarını versə, şagirdlər onun üzərində işləyərlər. Düzdür, bunu DİM testlərin azlığı ilə əlaqələndirib. Düşünürəm ki, bu bəhanədir, sual kitabçaları mütləq şəkildə şagirdlərə verilməlidir”.
Kamran Əsədov hesab edir ki, DİM sulların sadələşdirilməsində müəyyən qədər maraqlı olmalıdır.