Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Novruz bayramı və ya Novruz — dünyanın müxtəlif xalqları tərəfindən qeyd olunan baharın gəlişini, təbiətin oyanışını qeyd edən ənənəvi Yeni il və ya yaz bayramıdır. Novruz Şimal yarımkürəsində bahar gecə-gündüz bərabərliyinə əsaslanan bir bayramdır və Şərq təqvimlərində, o cümlədən hal-hazırda istifadə olunan Günəş Hicri təqvimi üzrə yeni ilin ilk gününü bildirir. Bu tarix Qriqorian təqvimi ilə adətən 19–22 mart tarixləri arasına təsadüf edir.
Qerbxeber.com bildirir ki, Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bütün Türküstanda, o cümlədən bir çox şərq ölkələrində baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.




