Bidzina İvanişvili ABŞ səfiri ilə görüşdən imtina etdi
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili bəyanat verib.
Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, o, bəyanatda izah edir ki, niyə ABŞ-ın Gürcüstandakı səfiri Robin Danigyan ilə görüşdən imtina edib.
Bidzina İvanişvilinin açıqlamasına görə, “onun barəsində mövcud olan şəxsi şantaj fonunda səfirlə görüşmək və dövlət məsələlərindən danışmaq onun üçün düzgün deyil”.
“Bu gün ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatı yayıldı ki, guya mən 22 mayda ABŞ səfiri ilə görüşdən imtina etmişəm, harada ki, mənə ‘Tramp administrasiyasının’ mesajı çatdırılmalı idi. Bu bəyanat mənim üçün anlaşılmazdır, çünki səfirlik bu məsələ ilə bağlı bütün detalları çox yaxşı bilir.
Təsdiqləyirəm ki, bir neçə gün əvvəl Gürcüstanın baş naziri və digər hökumət rəsmiləri ilə səfirliyin bu görüşlə bağlı həqiqətən də ünsiyyəti olmuşdu. ABŞ səfiri Gürcüstanın baş nazirinə bildirib ki, mənimlə görüşmək və ‘katib Rubionun mesajını çatdırmaq’ istəyir. Mən buna dərin hörmət ifadə etdim, lakin görüşdən imtina etdim.
ABŞ tərəfi ilə görüşlərdən imtina səbəbini daha əvvəl də açıq şəkildə izah etmişdim və bu mövqe hələ də dəyişməyib. Xatırladım ki, şəxsi şantaj şəraitində ötən il cənab O’Brayenlə də görüşdən imtina etmişdim, həmin vaxt mənə qarşı yalnız qeyri-rəsmi sanksiyalar tətbiq olunurdu. Daha əvvəl də bu cür təkliflər almışam və o vaxt da eyni səbəbdən imtina etmişdim. Bu barədə əvvəlki administrasiyaya dəfələrlə yazılı şəkildə də məlumat vermişdim.
Əvvəlki administrasiyadan başlayaraq ABŞ tərəfi əvvəl qeyri-rəsmi, sonra isə rəsmi sanksiyalar tətbiq etdi. (Mənə qarşı qeyri-rəsmi sanksiyalar çox kobud şəkildə həyata keçirilir. Məsələn, İsveçrə bankı ‘Julius Baer’ məhkəmə yolu ilə mənə qaytarılması qərarlaşdırılmış məbləği – hansı ki, heç bir rəsmi sanksiyaya məruz deyil – tam həyasızlıqla qaytarmır və bu işdə amerikalı vəkillər də iştirak edir.)
Belə bir şəxsi şantaj fonunda səfirlə görüş və dövlət məsələlərindən danışmaq mənim üçün düzgün deyil. Belə bir vəziyyətdə, mütləq şəkildə kompleksim olacaq ki, dövlət məsələləri üzrə qərarları şəxsi maraqlarımla əlaqədə qəbul edirəm, bu isə mənim üçün prinsipial olaraq qəbuledilməzdir. Bu kompleks o zaman da qalacaq ki, hətta hiss etsəm belə ki, razılaşma hər iki tərəf üçün faydalı ola bilər. Bu kompleks təkcə özümə qarşı yox, həm də komandama və cəmiyyətə qarşı da qalacaq.
Xüsusilə vurğulamaq istəyirəm ki, şəxsi maraqlarımı dövlət maraqlarından üstün tutmamışam – nə 2012-ci ildə, nə də 10 il sonra – 2022-ci ildə. Həmin vaxt da dövlət maraqları naminə şəxsi maraqlarımı böyük risk altına qoydum.
O da xatırlanmalıdır ki, keçən ilin payızında qeyri-rəsmi sanksiyaların qısa müddətə dayandırılması və müəyyən vəsaitlərin azad olunması zamanı, mən özüm ABŞ səfirinə görüş təklif etdim. O əvvəlcə razılaşdı, lakin sonra bu görüşü bir neçə dəfə təxirə saldı və nəhayət tamamilə imtina etdi.
Gürcü-Amerika münasibətlərinin yenidən qurulmasında o qədər maraqlıyıq ki, ABŞ tərəfinə bildirdim ki, bloklanmış vəsaiti şəxsi məqsədlərlə deyil, onların göstərəcəyi istənilən istiqamətdə xərcləməyə hazıram. Çünki pul nə əvvəllər, nə də indi mənim üçün maraqlı deyil. Açıq şəkildə izah etdim ki, bloklanmış vəsait bir tərəfdən kompleks yaradır, digər tərəfdən isə şantaj altında qərar verməmək hissini yaradır. Amma bu mövzuda heç bir cavab almadım. Bu səbəbdən mənim üçün aydın oldu ki, Bayden administrasiyasını maraqlandıran mənim vəsaitim yox, məhz həmin vəsaitlə şantaj etməkdir.
Eyni zamanda dəqiqləşdirmək istəyirəm ki, görüşdən imtina ilə yanaşı, səfirə Gürcüstanın baş naziri ilə görüş təklif etdik. Baş nazir nə rəsmi, nə də qeyri-rəsmi sanksiyalar altındadır və bu səbəbdən onun şəxsi şantajla bağlı heç bir kompleksi ola bilməz. Lakin səfir bu təklifdən də imtina etdi, bu isə bizdə inam yaradır ki, onlar məhz şəxsi şantajı Gürcüstan tərəfinin dövlət maraqları ilə bağlı potensial qərarlarında əsas faktor kimi görürlər.
Bəlkə də deyə bilərlər ki, mən – hakim partiyanın qurucusu və fəxri sədri kimi qərarların qəbulu üzərində xüsusi təsirə malikəm. Lakin bu kontekstdə sizi əmin etmək istəyirəm ki, hakim partiyada heç bir prinsipial qərar komandanın və xüsusilə də baş nazirin iştirakı olmadan qəbul edilmir. Bu səbəbdən yalnız mənimlə görüş tələb etməyin yeganə izahı budur: belə bir görüş yalnız şəxsi şantaj fonunda məna kəsb edir.
Ümid edirəm ki, ABŞ səfirliyi Gürcüstan hökumətinin Gürcü-Amerika strateji tərəfdaşlığının ‘təmiz səhifədən’ və konkret yol xəritəsi əsasında yenilənməsi ilə bağlı təklifinə müsbət cavab verəcək. Gürcüstan hökumətinin hər bir lideri ABŞ tərəfi real maraq göstərərsə, Gürcü-Amerika münasibətlərinin yenidən qurulması prosesinə aktiv şəkildə qatılmağa tam hazırdır” , – deyə Bidzina İvanişvilinin bəyanatında qeyd olunub.

