Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Uşaqlar bağçaya ilk dəfə gələndə onların gözlərində qorxu ilə ümid qarışığı bir parıltı olur. Əlləri analarının əlində, könülləri isə tanımadıqları, amma içlərində hiss etdikləri bir dünyaya açılır. Bu dünya – məktəbəqədər təhsildir. Və bu dünya uşağın şəxsiyyətinə dəyər veriləndə çiçəklənir, rənglənir, canlı olur.
Bugünkü yazımda həm bir rəhbər, həm bir ana, həm bir nənə kimi sizə məktəbəqədər təhsildə şəxsiyyətyönümlü yanaşmanın həm peşəkar, həm insani tərəflərindən bəhs etmək istəyirəm. Çünki bu yanaşma təkcə pedaqoji metod deyil – bu, həm də insani bir baxışdır.
Şəxsiyyətyönümlü yanaşma nədir?
Şəxsiyyətyönümlü yanaşma dedikdə biz uşağın özünü dərk etməsi, hiss etməsi, tanınması üçün ona verilən bir fürsətdən danışırıq. Bu yanaşmanın əsas məqsədi uşağın fərdi xüsusiyyətlərinə, maraqlarına, inkişaf tempinə uyğun şərait yaratmaqdır.
Bu, təkcə kurikulumun tələbi deyil – uşağın insan kimi dəyərləndirilməsidir.
Tərbiyəçilərə tövsiyyə: Uşağı yox, yanaşmanı dəyişin
Əziz tərbiyəçilər, bir uşaq otaqda sakit oturmursa, bəlkə də o oturmaq üçün deyil, yaratmaq üçün doğulub. Əgər o sualları çox verirsə, deməli o düşünür, araşdırır, axtarır. Bu cür uşaqlara “sakit ol” demək əvəzinə, gəlin birlikdə onun bu iç enerjisini məhsuldar hala gətirək. Onun yaratmaq, danışmaq, öyrənmək istəyi – onun şəxsiyyətinin cizgiləridir.
Şəxsiyyətyönümlü yanaşma bizə öyrədir ki, tərbiyəçi müəllim deyil, bələdçidir. O, uşağa yol göstərir, amma o yolu uşaq özü keçir. Onu yıxıb qaldırmır, yanında addımlayır. Bu yanaşma tərbiyəçini daha da dərinləşdirir, onu bir pedaqoq yox, bir şəxsiyyət inkişaf etdiricisi edir.
Valideynlərə tövsiyyə: Təkcə qucaq yetmir, qulaq da verin!
Valideynlər çox zaman övladlarını qorumaq istəyərkən onların daxili səsini susdururlar. Uşağın hər “mən istəyirəm”i, “mən belə düşünürəm”i onun şəxsiyyət quruluşunun bir addımıdır. Bu yanaşma valideynə də bir dərs verir:
Uşağı tərbiyə etməzdən əvvəl onu anlamalısan. Onun duyğuları, qorxuları, maraqları bizim kimi ciddidir. Bəzən bir oyun oynamaq istəyi – bir sevgiyə ehtiyac siqnalıdır.
Əgər siz uşağınızın qəlbinə qulaq asmağı bacarsanız, o zaman nəinki şəxsiyyətli, həm də emosional baxımdan sağlam insan yetişdirərsiniz.
Yadda saxlamalıyıq ku, bağçada başlayan dəyişiklik, cəmiyyəti dəyişir.
Şəxsiyyətyönümlü yanaşma ilə tərbiyə olunan bir uşaq – sabah daha anlayışlı bir valideyn, ədalətli bir rəhbər, vicdanlı bir insan olur. Bu gün biz bağçada bir uşağın şəxsiyyətinə toxunuruqsa, sabah cəmiyyətin gələcəyini dəyişirik.
Əziz həmkarlarım, dəyərli valideynlər, gəlin uşağın gözlərindəki o parıltını qoruyub saxlayaq. O parıltı – gələcəyin ümididir.
İradə Mustafayeva, Qazax şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının müdiri




