Azərbaycanda yonca sahələri sığortalanacaq
Azərbaycanda yonca sahələrinin 50% güzəştlə sığortalanmasına start verilib.
Aqrar Sığorta Fondundan verilən məlumata görə həyata keçirilən bu dəstək fermerlərin iqlim dəyişiklikləri, qeyri-sabit hava şəraiti, vəhşi heyvanların hücumları, eləcə də üçüncü şəxslərin təsərrüfatlara vurduğu zərərlərdən qorunmasını təmin edəcək.
Ölkəmizdə 87 min nəfərə yaxın fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir.
Yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yem bitkisinin ən çox əkildiyi rayonlar Ağcabədi (14,2 min hektar), Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax (8,7 min hektar) və İmişlidir (8,6 min hektar).
Yonca sahəsinin sığortası nə vaxt biçilməsindən asııl olmayaraq, il ərzində əkin sahəsindən toplanan bütün məhsulu əhatə edir. Fermer məhsulu bəyan edərkən sahədən gözlənilən məhsulun çəkisini və gözlənilən satış qiymətini qeyd edir. Bununla da əkin sahəsindən fermerin gözlədiyi gəlir məbləği formalaşır. Bu məbləğ və əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tarifi nəzərə alınaraq sığorta haqqı hesablanır.
Qaydalara görə, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir.
Mil Muğan regionunda 1 hektar yonca sahəsindən 200 sentner məhsul, 1 sentnerin qiyməti 20 AZN proqnozlaşdırılır. Bu halda, 1 hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri 4000 AZN təşkil edir. Region üzrə sığorta tarifinin 1,52% olduğunu nəzərə alanda, bu yonca sahəsinin sığortalanması üçün ümumi sığorta haqqı 60,8 AZN təşkil edir. Həmin məbləğin 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə fermer cəmi 30,4 manat ödəniş etməklə 1 hektar yonca sahəsini sığortalaya bilər.




