20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqil dövlət olmasını zəruri edən əsas amillərdən biri erməni və bolşevik rusiyasının həyata keçirdiyi soyqırımlar idi. 1918-ci ilin 27 mayında Zaqafqaziya seyminin Azərbaycan fraksiyasi iclas keçirdi. Həmin iclasin nəticəsində Milli Şura yaradıldı və M.Ə Rəsulzadə Milli Şuranın sədri, F. Xoyski isə icra orqanının rəhbəri seçildi. Mayın 28-də Milli Şura Tiflisdə iclas keçirdi. Bu iclasda dövlət müstəqilliyimiz elan olunmaqla “İstiqlaliyyət bəyannamə”miz qəbul edildi.
Beynəlxalq aləmdə tanınmaq AXC-nin xarici siyasətinin əsas prioriteti idi. AXC-nin xarici siyasətində ən böyük addımı Osmanlı dövləti ilə Batum müqaviləsi imzalamaq oldu. 1918-ci ilin iyunun 4-də imzalanan bu müqaviləyə görə, Osmanlı dövləti müstəqilliyimizi tanıdı və müqavilənin 4-cü bəndinə görə, Azərbaycana hərbi yardim göstərməyi üzərinə götürdü. Osmanlı dövlətinin Bakının azad olunmasında AXC-yə xeyli köməyi olmuşdur.
AXC 1920-ci ilin fevralında İtaliya ilə saziş imzaladı. Sazişə görə, İtaliya dövləti AXC-nin hərbi donanması və ordusu üçün hərbi geyim, hərbi texnika və hərbi ləvazimat alınması nəzərdə tutulmuşdu. Nəzərdə tutulanların əvəzində isə AXC İtaliyaya neft və neft məhsulları ixrac edəcəkdi.
Gürcüstanla sərhəd problemi yaşanmışdı, lakin bu problem sülh yolu ilə həll olundu. 1919-cu ilin iyun ayının 16-da isə AXC ilə Gürcüstan arasında hərbi saziş bağlandı. Bu sazişə görə, tərəflərə hərbi müdaxilə baş verdiyi təqdirdə, bir-birinə hərbi yardım göstərəcəkdilər.
Qacarlarla 1920-ci ilin martında Dostluq müqaviləsi baglandı. Müqaviləyə əsasən, Qacarlar AXC-nin müstəqilliyini tanıdı, Təbrizdə baş konsulluq, Tehranda isə səfirliyimiz açıldı.
Dağlı Respublikası 1918-ci ilin payızında hərbi müdaxilə edərək Quba qəzasının Yalama dəmir yolu stansiyasını ələ keçirdi. Lakin AXC-nin sərhəd-mühafizə dəstələri Dağlı Respublikasının hərbi dəstələrini həmin ilin dekabrın 24-də ölkədən çıxardı. 1919-cu ildə aqvardiyaçılar Dağlı Respublikasına hücumlar etdi. Bu zaman AXC Dağlıları müdafiə etdi. Qeyd etmək zəruridir ki, Dağlı Respublilasının ağvardiyaçıların hücumuna məruz qalması bizim şimal sərhədlərimiz üçün ciddi təhlükə demək idi. Çünki bu respublikanın mövcudluqu bizi Rusiyadan gələn hər hansısa bir təhlükədən qoruyurdu.
Cənubi Qafqaz ölkələri 1918-1920-ci illər ərzində 4 dəfə Qafqaz konfransı təşkil etmişdir. Qafqaz konfransının təşkil edilməsində əsas məqsəd qafqazda münaqişələri nizamlamaq və əməkdaşlıqı inkişaf etdirmək idi.
Qafqaz konfransları:
I. 1918-ci ilin noyabrı
II. 1919-cu ilin aprel-iyun ayları
III. 1919-cu ilin dekabrı
IV. 1920-ci ilin aprelində keçirilmişdir.
Paris sülh konfransına gondəriləcək Azərbaycan nümayəndə heyətinin tərkibi 1918-ci ilin dekabrın 28-də müəyyənləşdi. Konfransa gedəcək nümayəndə heyətinə Əlimərdan bəy Topcubaşov başçılıq edirdi. Fransa tərəfindən AXC-yə vizanın gec verilməsi səbəbindən nümayəndələrimiz konfransa başladıqdan 4 ay sonra getdilər. Bu konfransda iştirakımızın əsas məqsədi dövlət müstəqilliyimizi tanıtmaq idi. Beləliklə 1920-ci ilin 11 yanvar tarixində dövlət müstəqilliyimiz de-fakto tanındı. Bu səbəblə Bakıda bayram və hərbi parad keçirildi. Çünki bu Azərbaycanın böyük diplomatik uğuru idi.
Əbülfəz Məmmədov / Sumqayıt Dövlət Universitetinin tələbəsi