ARIQLAMAQ NƏ ÜÇÜN VACİBDİR ?-Elnur Nemətovun yazısı
Niyə arıqlayandan sonra sosial həyatda daha ciddi qəbul olunuruq?
Gəlin bunun həm psixoloji, həm də sosial səbəblərinə baxaq:
İlk olaraq, “İradə və Hörmət” rol oynayır. Arıqlamaq heç də asan deyil – bu, güclü iradə, nizamlı həyat tərzi və sabit motivasiya tələb edir. İnsanlar bunu görəndə bizə daha çox hörmət edir və ciddi yanaşırlar. Çünki artıq çəkidən qurtulmaq öz üzərində qələbədən savayı, həm də psixoloji güc göstəricisidir. İnsanın yemək vərdişlərinə nəzarət etməsi, müntəzəm idman etməsi və planlı yaşaması onun daxili intizamını göstərir, bu isə ətrafdakılarda qeyri-ixtiyari hörmət oyadır.
Növbəti, “Özünəinam və Aura” insanın sosial həyatda qəbul edilməsində həlledici rol oynayır. Arıqlayan insan güzgüyə baxanda xoşbəxt olur, orada gördüyü obrazla barışması daxili məmnuniyyət yaradır. Günlük geyimlər ona yaraşır, ictimai yerlərdə isə rahat və komplekssiz hərəkət edir. Psixoloqlar qeyd edir ki, insanın özünə münasibəti onun yaydığı enerjini dəyişir, insanı sanki məxsusi aura əhatə edir və bu enerji ətrafdakılara da ötürülür. Görünüşündən razı olan insan daha sərbəst danışır, pozitiv dalğalar ötürür və daha tez qəbul olunur.
Daha sonra, “Yeni İmkanların Açılması” baş verir. Bu, arıqlayan insanın həm peşəkar, həm də şəxsi həyatında daha çox fürsətlərlə qarşılaşmasına səbəb olur. İş dünyasında formada olmaq çox vaxt “özünə dəyər vermək” kimi qəbul olunur. İşəgötürənlər belə insanın məsuliyyətli və motivasiyalı olduğunu düşünür. Sağlam görünüşlü və özünəinamlı insan rəhbərlik mövqelərində daha tez qəbul edilir, çünki insanlar onun arxasınca getməyi daha rahat görürlər. İnsanların çoxu formada və sağlam insanla işləməyi və əməkdaşlıq etməyi üstün tutur. Bu, məsuliyyətli, nizamlı və iradəli biri olmaq deməkdir. Ona görə də arıqlayan insanların qarşısına daha çox iş təklifi, əməkdaşlıq və qazanc imkanı çıxır.
Sonuncu, “Cazibədar Görünmək və Şəxsi Münasibətlərdir” . Bu, həyatımızda çox mühüm və həlledici yer tutur. Arıqlamaq insanın zahiri görünüşünü yaxşılaşdırır və cazibədarlığını artırır. İnsan bioloji olaraq sağlam və formada olan tərəfdaş axtarmağa meyllidir, buna görə də arıqlayan insan avtomatik olaraq daha çox diqqət çəkir. İlk təəssürat çox şeyi müəyyənləşdirir – formada və sağlam görünmək qarşı tərəfdə müsbət enerji yaradır, ünsiyyəti və münasibətlərin qurulmasını asanlaşdırır.
Eyni zamanda, artıq çəkidən qurtulmaq komplekslərin azalmasına səbəb olur. Əvvəllər ictimai yerlərdə yemək, geyim və şəkil çəkdirmək kimi situasiyalarda narahatlıq yaşayan insan artıq daha rahat olur. Bu rahatlıq münasibətlərdə səmimiyyət və açıqlıq yaradır. Arıqlayan insanın həyatına daha çox müsbət insanlar daxil olur, çünki o özü də daha açıq, pozitiv və aktiv olur. Bu isə həm şəxsi həyatda, həm də sosial münasibətlərdə yeni imkanların qapısını açır.
Beləliklə, arıqlamaq yalnız bədən dəyişimi deyil, həm də həyat tərzində, psixologiyada və sosial münasibətlərdə uzunmüddətli müsbət dəyişikliklərin başlanğıcıdır.
İndi düşünək: arıqlamaq nə üçün vacibdir?
Hörmətlə: Sağlam həyat üzrə motivator,idmançı -E. Nemətov




