Arif Babayevlə vida mərasimi keçirilib-Xalq artisti Fəxri Xiyabanda dəfn edilib
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevla vida mərasimi keçirilib.
Qerbxeber.com xəbər verir ki, Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Arif Babayevin ölüm xəbəri hər kəsi sarsıdıb: “Bütün dünyada yaşayan azərbaycanlıların sevimlisi Arif Babayevi itirdik. Arif Babayevin vəfatı ilə əlaqədar qonşu dövlətlərdən başsağlığıları alırıq. Bu gün hamımız üçün çox ağrılı gündür”.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə bildirib ki, Arif Babayev öz sənəti ilə yaşadığımız dövrün hisslərini öz ifasında əks etdirirdi: “Arif müəllimin xatirəsi hər zaman bizim yaddaşımızda yaşayacaq”.
Xalq artisti Mənsum İbrahimov çıxışında vurğulayıb ki, Arif müəllim barəsində keçmiş zamanda danışmaq çox çətindir: “Mən bu sənətə Arif Babayevi sevib gəlmişəm, uzun illər eyni səhnəni bölüşmüşük. Arif Babayev elə bir iz qoyub gedib ki, o heç vaxt unudulmayacaq”.
Xalq artisti, professor Vamiq Məmmədəliyev qeyd edib ki, Arif Babayev onun dostu olub: “Biz təkcə sənətdə yox, sənətdən kənarda biz dost idik. Arif Babayevin insanlara verdiyi qiymət çox yüksək idi, çox səmimi insan idi. Onun tələbələri də onu çox istəyir, çünki həm sənəti həm də insanlığın yüksək idi”.
Sonda Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimdə iştirak edənlərə minnətdarlığını bildirib.
Mərasimin ardından Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində Xalq artistinin ailə üzvləri ilə yanaşı, mədəniyyət naziri Adil Kərimli, deputat Aqil Abbas, sənət adamları, o cümlədən bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.




