Gürcüstanın baş naziri, Avropa İttifaqı Şurasının Prezidenti ilə Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu ilə bağlı müzakirələr aparıb.
“Gürcüstana Avropa perspektivinin verilməsi qərarından sonra Gürcüstan Aİ-yə namizədlik yolunda irəliləmək üçün Avropa Şurası ilə sıx əməkdaşlıq edəcək”.
Bu sözləri Baş nazir İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Madriddə keçirdiyi görüşdə deyib.
O, Gürcüstana Avropa perspektivinin təqdim edilməsinin tarixi qərar olduğunu vurğulayıb.
Eyni zamanda iyun ayında bir neçə dəfə bu məsələ ilə bağlı Tbilisidə genişmiqyaslı aksiyalar baş tutub.
Aksiya iştirakçıları hakim partiyaya bir həftə vaxt verib. Aksiyada səslənən əsas fikilərdən biri İraklı Qaribaşvilinin istefa verməsidir. Bundan başqa Avropa İttifaqının təqdim etdiyi 12 bəndin tez bir zamanda yerinə yetirilməsini tələb edilir.
“Evə- Avropaya” aksiyasının təşkilatçılarından biri Şota Diğmelaşvili İvanaşvili hökümətinə 1 həftə vaxt verdiklərini deyib. Mitinq təşkilatçıları iyulun 3-dək Gürcüstanın regionlarına yola düşəcək, bundan sonra Tbilisiyə qayıdacaqlar.
Gürcüstandakı genişmiqyaslı aksiyaları və hazırki siyasi vəziyyəti “Qərb Xəbər”ə danışan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov deyir ki, hakimiyyət Avropaya inteqrasiya olmağa qeyri-ciddi yanaşır:
“Sovet höküməti dağıldıqdan bu günə qədər biz Gürcüstan vətəndaşlarının məqsədlərindən biri Avropa ailəsinə qoşulmaq, Avropa İttifaqına üzv olmaq olub. Bu uğurda son 30 il müddətində fasiləsiz olaraq Avropa ilə bir çox proyektlər həyata keçirmişik. Hətta, Gürcüstan olaraq lider rolunda olmuşuq. Post sovet ölkələrindən Ukrayna, Moldova bu tərəftaşlıq proyektlərində iştirak ediblər. Avropa İttifaqı prezidenti bundan bir neçə ay öncə Gürcüstanın daxili siyasəti ilə bağlı bir layihəsi olmuşdu və həmin layihədə həm iqtidar tərəfi, həm də müxalifət tərəfi iştirak etdi və uğusuz oldu”.
Konqres Sədrinin sözlərinə görə hazırki vəziyyəti sürətləndirən əsas amil Rusiyanın Ukraynanı işğal etməsidir: “Rusiyanın Ukraynada apardığı müharibə Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqının üzvlüyünə namizədlik məsələsi gündəmə gəldi. Həmin məsələ Avropa Şurasında müzakirə olunanda Ukrayna və Moldovaya o status tanındı. Lakin, bizim üçün tanınmadı, amma, Avropa qapıları açıq saxlanma şərti ilə Gürcüstana 12 maddəlik şərtlər qoyuldu. Bu şərtlər ilin sonuna qədər yerinə yetirilərsə Gürcüstan da həmin statusu qazana bilər. Bu şərtlər isə iqtisadi, siyasi, ictimai, fundamental, hüquq sistemi, siyasi məhbuslarla, seçki qanunu ilə ,məhkəmə sistemi ilə bağlıdır.
Prokratura sistemi və hakimiyyətin ‘oliqarxsızlaşdırılması’ ilə bağlı deoliqarxizasiya işləri aparılmalıdır. Yəni İvanaşvilinin hakimiyyətdən getməlidir. Bütün bu məsələlər parlametdə müzakirə olunmalı və qəbul edilməlidir. Bu tələblər irəli sürüldükdən sonra ayın 17-si və 24-ündə parlamet qarşısında mitinqlər keçirildi. Hakimiyyətə 1 həftə vaxt tanındı ve şərtlər qoyuldu. Mitinqin təşkilatçıları ictimai fəallardır, ancaq siyasi partiyalar da iştirak edirlər”
H. Yusifov həmçinin, bu aksiyalarda iqtidar partiyasının tərəfdarlarının da iştirakını vurğulayıb: “Avropa məsələsi bizim üçün siyasi partiyalardan üstün duran bir məsələdir. İştirakçılar bu mitinqlərdə belə tələb qoydu ki, iqtidar istefa verməlidir və yerinə neytral hökümət qurulmalıdır. Bu hökümətin tərkibi 30 faizi aktivistlərin təklifi ilə, 30 faizi iqtidarın təklifi ilə, 30 faizi müxalifətin təklifi ilə professiyonal şəxslər yer almalıdır. Həmin professiyonal şəxslər 12 tələbi yerinə yetirməlidirlər. Həmçinin, seçki qanunlarını yeniləyib, yeni parlament seçkiləri təyin etməlidirlər. Amma, bunlara baxmayaraq hakimiyyətin bütün bunlara qarşı qeyri-ciddi yanaşdığı müşahidə olunur. İqtidar partiyası bu məsələlərə ötəri cavablar verir. Bütün bunlara baxmayaraq artıq iqtidarın daxilində də parçalanma səsləri eşidilməkdədir. İqtidarda olan siyasətçilərin bəzilərinin istefaları başladı. Bizim üçün, yəni Gücrüstan vətəndaşları üçün əsas məsələ odur ki ,ölkədə gedən bütün proseslər ölkənin inkişafı üçün getsin. Bu proseslerin heç biri silahla, qanla həll olunmasın. Sülh şəraitində bütün məsələlərə nail olmaq mümkündür və biz buna inanırıq .Ölkəmizi sakit, stabil görmək istəyirik. Mitinqlərdə bir çox azərbaycanlı gənclərimiz də iştirak edirlər, öz fikirlərini bildirirlər. Biz də Gürcüstan azərbaycanlılarının konqresi olaraq ölkədəki prosesləri çox diqqətlə izləyirik”
Rahib İsgəndərli