Qerbxeber.com Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisidə səfərdə olan Avropa Parlamentinin deputatları ilə qapalı görüşdən əvvəl jurnalistlərə müsahibəsində deyib.
Diplomat bildirib ki, Avropa İttifaqı Gürcüstan xalqına zərər vurmaq istəmir.
“Gürcüstandakı vəziyyətdən ciddi narahatıq. Avropa İttifaqı institutlarının yeni liderlərinin təşəbbüsü ilə artıq danışmaqdan hərəkətə keçmək vaxtıdır. Hazırda Brüsseldə müxtəlif tədbirlərin razılaşdırılması üçün çox intensiv danışıqlar aparılır və mən ümid edirəm ki, 27 üzv dövlət konkret tədbirlər barədə razılığa gələcək. Buna görə də bazar ertəsini gözləyək. Bütün variantlar, o cümlədən müəyyən pasport sahibləri üçün vizasız rejimin dayandırılması və ən əsası, sanksiyalar müzakirə olunacaq.
Biz hər zaman deyirdik və indi də deyirik ki, Gürcüstan xalqına zərər vurmaq, onları cəzalandırmaq istəmirik. Çünki bu xalq hər axşam küçələrə çıxıb Gürcüstan və Avropa İttifaqı bayraqlarını dalğalandırır. Buna görə də bizim məqsədimiz onları cəzalandırmaq deyil, hakimiyyətə güclü siqnal göndərməkdir ki, son aylarda və xüsusilə son günlər seçilən yol – etiraz aksiyalarının iştirakçılarına qarşı qəddarlıq – qəbuledilməzdir.
Şiddət tamamilə qəbuledilməzdir. Dekabrın 16-da biz İnsan Hüquqları Müdafiəçiləri Beynəlxalq Gününü qeyd edəcəyik. Mən Gürcüstanda hüquq müdafiəçiləri ilə görüşdüm və onlar mənə dedilər ki, etiraz iştirakçılarına qarşı döyülmə, onları həbs etdikdən sonra baş verir, bu isə işgəncə deməkdir. Bu dərhal dayandırılmalıdır, çünki tamamilə qəbuledilməzdir. Eyni zamanda, Tbilisi küçələrində şahidi olduğumuz hadisə – kriminal qrupların şəhərdə dolaşması – araşdırılmalı və belə hücumlara görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir. Həmçinin ədalətsiz yerə həbs olunmuş insanlar mümkün qədər tez azadlığa buraxılmalıdır” , – deyə Pavel Herçinski qeyd edib.