Romada rəsmi səfərdə olan ABŞ-nin vitse-prezidenti Cey Di Vens İtaliyanın Baş naziri Ciorcia Meloni ilə ABŞ və Avropa İttifaqı (Aİ) arasında bağlana biləcək potensial ticarət sazişini müzakirə edəcək.
Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Mən Baş nazir Ciorcia Meloni ilə İtaliya və ABŞ arasında vacib olan bəzi iqtisadi münasibətlər barədə danışmaq istəyirəm. Lakin biz təkcə İtaliya və ABŞ arasında deyil, bütün Avropa İttifaqı ilə böyük ticarət danışıqları aparırıq. Ötən gün ABŞ Prezidenti Donald Trampla bu barədə çox danışdıq və bu gün Ciorcia Meloni ilə bu müzakirələri davam etdirəcəyik”, – C.Vens vurğulayıb.
D.Tramp bir qədər əvvəl ABŞ-nin bir sıra ölkələrə tariflərin artırılmasını təxirə salmaqla bağlı göstəriş verdiyi 90 günlük müddət bitmədən Avropa İttifaqı üzvləri ilə ticarət sazişi bağlaya biləcəyinə əmin olduğu bildirib.
Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına idxal rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 10 %-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Rusiya siyahıda yoxdur. Aprelin 9-da Tramp danışıqlara hazır olduqlarını nümayiş etdirən 75 ölkəyə tarif artımını 90 gün müddətinə dayandırdığını açıqlamışdı. Onlara 10 % idxal rüsumları tətbiq olunacaq.
Qeyd edək ki, İtaliyanın Baş naziri Ciorcia Meloni aprelin 17-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb. O, Trampı Romaya səfərə dəvət edib.