Yazarlar

Stress və Həzm — Qarın və Beyin Arasındakı Əlaqə-NUTRİSOLOQ ELNUR NEMƏTOV yazır..

Bu gün / 12:31 6 dəq
Elnur nemətov 4
Bu gün / 12:31
Burada sizin reklamınız ola bilər
 Qida qarına düşürsə, beyin niyə təsirlənir?
Qarında başlayan bir proses beyində əks-səda yarada, beyində yaranan bir siqnal isə qarının fəaliyyətini dəyişə bilər.
Bu necə olur?
İnsan orqanizmi elə qurulub ki, burada heç nə təkbaşına baş vermir.
Heç bir orqan təkbaşına öz funksiyasını yerinə yetirmir.
İnsan bədəni bütöv bir sistemdir.
Bütün orqanlar bir-biri ilə daim ünsiyyətdə olur.
Bu qarşılıqlı əlaqənin ən maraqlı və vacib nümunələrindən biri qarın-beyin arasında olan siqnal mübadiləsidir.
Bu ünsiyyət bağırsaq və beyin arasında sinir, hormonal və immun mexanizmlərlə qurulan çox mürəkkəb rabitə şəbəkəsi ilə həyata keçirilir.
Yediyimiz qida birbaşa bağırsaqdakı bakteriyaların tərkibini dəyişir.
Bu bakteriyalar isə neyromediatorlar, qısa zəncirli yağ turşuları və müxtəlif siqnal molekulları istehsal edir və bunlar beyinə təsir göstərir.
Bu mükəmməl sistemin əsas kommunikasiya xətti isə “vagus” adlanan sinirdir.
Bu sinir mədədən beyinə siqnallar göndərir və ya əksinə, beyindən qarına təsir edir.
Son illərdə aparılan tədqiqatlar göstərir ki, bağırsaq sağlamlığı insanın emosional vəziyyəti, yaddaşı, stressə dözümlülüyü və hətta qərarvermə qabiliyyəti ilə sıx bağlıdır.
Gəlin baxaq, stress həzmə necə təsir edir.
Bilmək lazımdır ki, stress zamanı beyindən gələn siqnallar bağırsaq hərəkətini dəyişdirir.
Məhz buna görə də bəzi insanlar stressli vəziyyətlərdə tez-tez qarın ağrısı, köp və həzm problemləri yaşayırlar.
Yəni stress bu siqnallar vasitəsilə qarında turşu ifrazını artırır, bağırsaq hərəkətini sürətləndirə və ya zəiflədə bilir.
Məsələn, uzun müddət stress altında olan insanlarda bağırsaq mikroflorasının tərkibi dəyişir.
Bu dəyişiklik nəticəsində təxminən 90%-i bağırsaqda sintez olunan “xoşbəxtlik hormonu” kimi tanınan serotoninin istehsalı azalır və nəticədə insan daha tez yorulur, əsəbi olur və motivasiyası aşağı düşür.
Digər bir misal:
Uzun müddət antibiotiklərin nəzarətsiz istifadəsi bağırsaqdakı faydalı bakteriyaları azaldır.
Bu isə bəzi insanlarda diqqət dağınıqlığı, yaddaş zəifləməsi və hətta yüngül depressiv əlamətlərlə özünü göstərə bilər.
Deməli, qarında yaranan iltihabi proseslər beyinə siqnallar göndərərək əhval-ruhiyyəyə təsir edir. Bu da çox vaxt beyində emosional sabitliyin pozulması ilə müşahidə olunur.
Bu mexanizm göstərir ki, qarın və beyin arasında bağlılıq təkcə bioloji deyil, həm də psixoloji nəticələrlə əlaqəlidir.
Gəlin bu ünsiyyəti çox sadələşdirilmiş təsəvvür edək:
Qarın zəng edir: “Burda vəziyyət yaxşı deyil, şəkər lazımdır.”
Beyin cavab verir: “Oldu, bu dəqiqə istək yaradıram. Şəkər gələcək.”
Bir də var: beyin qışqırır, qarın ağrayır — və ya qarın qışqırır, beyin ağrıyır))
Hansı ünsiyyət növünün daha yaxşı olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.
Yaxşı, bəs çıxış yolunu harda axtaraq?
Çıxış yolu burada tək bir istiqamət deyil, sistemli yanaşmadır.
Çünki problem də tək bir səbəbdən yaranmır.
Yenə hər şey gəlib sağlam qidaya, düzgün qidalanma ardıcıllığına və vərdişlərə bağlanır.
Qarınla beyin arasındakı ünsiyyəti balanslaşdırmağın əsas prinsipləri belə olmalıdır:
1. Qidalanmanın düzəldilməsi
Burada bağırsaq mikroflorasını dəstəkləyən qidalar əsasdır.
Məsələn: lifli qidalar, fermentləşdirilmiş məhsullar, təbii və az emal olunmuş qidalar.
Diqqət yetirək:
Probiotik və liflə zəngin qidalarla qidalanan insanlarda aparılan müşahidələr göstərir ki, onların stressə reaksiyası daha stabil olur, qərarvermə zamanı daha sakit və balanslı davranırlar.
2. Stressin idarə olunması
Stress azaldılmadan həzm də tam düzəlmir.
Bunun üçün nəfəs texnikalarına, yüngül fiziki aktivliyə və yuxu rejiminə diqqət olunmalıdır.
Çünki beyin sakitləşməsə, bağırsağa göndərdiyi siqnallar da xaotik qalır.
3. Bağırsaq baryerinin bərpası
Uzunmüddətli stress və pis qidalanma bağırsaq divarını zəiflədir.
Bunun bərpası üçün düzgün qidalanma, kifayət qədər su və iltihabı artıran qidalardan uzaq durmaq lazımdır.
4. Antibiotik və dərmanlara diqqət
Lazımsız antibiotik istifadəsi bağırsaq mikroflorasını pozur.
Bu balans pozulduqda həm həzm, həm də emosional vəziyyət təsirlənir.
Ona görə də bu cür müalicə üsulları özbaşına deyil, yalnız həkim nəzarəti və təyinatı ilə aparılmalıdır.
Sonda bütün bu mexanizmə baxanda bir həqiqət daha aydın görünür:
İnsan bədəni ayrı-ayrı parçaların toplusundan ibarət deyil. O, bir-biri ilə danışan, bir-birinə təsir edən mükəmməl vahid sistemdir.
Qarınla beyin arasındakı bu incə əlaqə bizə daim bir şeyi xatırlatmalıdır:
biz nə yediyimizi, necə yaşadığımızı və hansı vərdişləri formalaşdırdığımızı daha dərindən düşünməliyik.
Bəzən problem nə təkcə qarında olur, nə də təkcə beyində.
Problem onların arasında formalaşan düşüncənin disbalansında yaranır.
Gəlin bu sistemi dəyişmək üçün möcüzə axtarmayaq.
Sadəcə düzgün seçim, düzgün istiqamət və düzgün nəzarət bizə dəqiq cavab verə bilər.
Hörmətlə: AİKİKAİ Azərbaycan

Ümum məsələlər üzrə sədr müavini,
Texniki direktor,
Sensey Elnur Nematov 5-ci Dan Aykido, Nutrisoloq
Paylaş
Burada sizin reklamınız ola bilər