Yaxın Şərq od içində: İran 6 ölkədə ABŞ bazalarını vurdu
İran bu səhər ABŞ və İsrail tərəfindən həyata keçirilən hücuma cavab olaraq İsrail ilə yanaşı Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarını vurub.
Qerbxeber.com xarici mətbuata istinadən xəbər verir ki, hazırda beynəlxalq mediaların yayımladığı məlumatlara görə, İsrailin müxtəlif bölgələrində partlayış səsləri eşidilir, Yaxın-Şərqdə isə gərginlik sürətlə artır, hücumların miqyası və mümkün itkilərlə bağlı rəsmi açıqlamalar bu mərhələdə məlum deyil.
Qətər mobil cihazlar vasitəsilə xəbərdarlıq yayaraq əhaliyə evdə qalmağı və hərbi bazalardan uzaq durmağı tövsiyə edib. Digər tərəfdən, Qətər müdafiə sistemləri vasitəsilə hava məkanında İran mənşəli bir raketi zərərsizləşdirdiyini açıqlayıb.
Riyad, Abu-Dabi və Küveytdə partlayışlar
Al Jazeeranın yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə güclü partlayış səsi eşidilib. Küveytdə də partlayış səsləri eşidilib, bölgədə siqnal səslərinin yayıldığını bildirib. Fransa mərkəzli AFP xəbər agentliyinin məlumatına görə, Riyadda güclü partlayışlar baş verib.
İordaniyanın paytaxtı Əmmanda siqnal səsləri
İordaniyanın paytaxtı Ammanda, ABŞ və İsrailin İrana qarşı bir sıra hücumlara başlamasından sonra sirena səsləri eşidilib. Ammandakı İctimai Təhlükəsizlik İdarəsi açıqlamasında bildirib: “Siqnalların mənası belədir: Fasiləli üç siqnal təhlükə olduğunu, tək siqnal isə təhlükənin keçdiyini bildirir. Üç siqnal səsini eşitdiyiniz zaman olduğunuz yerdə qalmağınız və hərəkət etməməyiniz tövsiyə olunur. Evdən kənardasınızsa, təhlükə keçənədək ən yaxın binaya sığınmalısınız”.
Bəhreyndəki ABŞ donanma bazası vuruldu
İranın raket hücumları nəticəsində Bəhreyndəki ABŞ donanma bazasının vurulduğu bildirilib. İranın yarırəsmi “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq başlatdığı ballistik raket hücumları çərçivəsində Bəhreyndəki ABŞ donanma bazası hədəfə alınıb.
“Sığınacaqlara daxil olun” xəbərdarlığı
ABŞ isə Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İsraildə olan vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı yayıb. ABŞ rəsmiləri həmin ölkələrdəki vətəndaşlarına “sığınacaqlara daxil olun” çağırışı edərək hadisələri yaxından izləmələrini tövsiyə edib.
Yüksək vəzifəli bir iranlı rəsmi şəxs “Al Jazeera”ya verdiyi açıqlamada deyib: “İsrail qarşılaşacağı şeyə hazır olsun; heç bir qırmızı xətt olmayacaq. Təslim olmayacağıq. Yaxın Şərqdəki bütün ABŞ və İsrail varlıqları və maraqları legitim hədəfə çevrilib”.
İran parlamentinin Milli Təhlükəsizlik Şurasının sədri İbrahim Əzizi İsrailin hücumuna cavab olaraq əks-hücumlara başladıqlarını açıqlayıb. İran bu əməliyyatı isə “Xeybərin Fəthi” adı ilə elan edib.
Hücumdan sonra İsrailin Baş naziri Binyamin Netanyahudan da ilk açıqlama gəlib. Netanyahu başlatdıqları əməliyyatın məqsədinin “varoluşsal təhlükəni aradan qaldırmaq” olduğunu ifadə edib. AFP-nin yaydığı məlumata görə, Netanyahu iranlıların “zorakılıq zəncirini” qırmalarının vaxtının gəldiyini deyib, eyni zamanda israillilərə “ölkələrinin əbədiliyini təmin etmək üçün bir arada olmaları” çağırışı edib.





