Uşaqların düzgün qidalanmasında valideyn məsuliyyəti-Elnur Nemətovun yazısı yazısı
Uşaqlar bizim gələcəyimizdir. Bu, sadəcə tez-tez eşitdiyimiz bir şuar deyil, həqiqətdir. Onların sağlam böyüməsi və düzgün inkişafı valideynlərin və cəmiyyətin ən əsas vəzifələrindən biridir.
Sağlam böyüməyin ən vacib şərtlərindən biri də düzgün qidalanmadır. Çünki insan bədəni aldığı qida ilə qurulur, uşaq dövründə qazanılan qidalanma vərdişləri isə ömür boyu davam edir.
Təsəvvür edək ki, yeni bir bina tikilir – tikinti materialları nə qədər keyfiyyətlidirsə, bina da bir o qədər möhkəm və dayanıqlı olar. Eyni qayda ilə, əgər uşaq balanslı və sağlam qidalarla böyüsə, həm bədəni güclü, həm də zehni iti olar. Bu isə o deməkdir ki, sağlam və xoşbəxt həyatın təməli uşaqlıq dövründən düzgün qoyulmalıdır. Əks halda, yanlış qidalanma artıq çəki, zəif immunitet, tez yorulma, dərslərdə çətinlik, hətta gələcəkdə ürək-damar və şəkər xəstəliklərinə meyillilik kimi bir çox problemlərə yol aça bilər.
Valideyn olaraq biz övladlarımıza düzgün qidalanma vərdişi qazandırmasaq, yalnız onların yox, həm də öz üzərimizə ömürlük yük qoymuş oluruq. Çünki sağlam böyüməyən uşaq nə cəmiyyətə, nə də gələcək nəslin inkişafına faydalı təsir göstərə bilməz. Sağlam uşaq isə güclü cəmiyyətin və sağlam gələcəyin əsasıdır.
Gəlin bu mövzuya bir qədər geniş baxaq.
Niyə uşaqlar üçün qidalanma bu qədər vacibdir?
Uşaq orqanizmi böyüklərdən fərqli olaraq hər gün yeni hüceyrələr yaradır. Sümüklər, əzələlər, beyin – hamısı protein, vitamin və minerallardan asılıdır.
Məktəb, müxtəlif oyunlar, idman və dərslər uşaqlardan çox enerji tələb edir. Bu enerji isə sağlam karbohidratlardan gəlməlidir.
“Sağlam karbohidratlar” deyəndə -təbii, lifli, yavaş həzm olunan və orqanizmə davamlı enerji verən qidalar nəzərdə tutulur.
Nümunələr: yulaf, qarabaşaq, qara çörək, noxud, mərcimək, lobya, yerkökü, brokoli, şirin kartof, alma, armud, banan, nar, giləmeyvələr, qoz-fındıq və s.
Balanslı qida qəbul edən uşaqlar virus və xəstəliklərə qarşı daha dözümlü olur, immun sistemi isə güclü fəaliyyət göstərir. Zehni inkişaf üçün omeqa-3, dəmir, sink kimi maddələr diqqəti, yaddaşı və öyrənmə qabiliyyətini gücləndirir.
Unutmayaq:
Uşaqlıqda formalaşan qidalanma davranışı ömürlük vərdiş kimi qalır. Sağlam yeyən uşaq böyüyəndə də sağlam qidanı seçir. Burada isə əsas məsuliyyət bizim üzərimizə düşür.
Əgər biz sağlam qidalanırıqsa, uşaq da bizə baxıb öyrənəcək.
Necə?Uşaqlara yeməkləri sevdirməklə..
Uşaqlarda bir şeyə maraq böyüklərə nisbətən dəfələrlə çoxdur.
Onları yemək hazırlığına cəlb etmək başlanğıc üçün pis deyil. Çünki öz əli ilə hazırladığı yeməyi sevə-sevə yeyəcəklər.
Süfrə arxasında yeməkləri kiçik, amma müxtəlifliklə təqdim edək. Bu onları həm doyuracaq, həm də müxtəlif dadlara alışdıracaq.
Yeni qidaları yavaş-yavaş, bənzətmələrlə təqdim edək. Bu onlarda təbəssüm və daha çox maraq yarada bilər. Əvvəl az miqdarda, sonra tədricən artırmaqla.
Şirinləri isə tam qadağan etmək olmaz. Sadəcə miqdarı məhdudlaşdırmaq lazımdır ki, uşaq gizli şəkildə istəməsin.
Bu səhvlərə isə yol verməməliyik!
Uşağın aclığını şirniyyat və fast-food ilə yatırtmaq artıq çəki və piylənmə, qan şəkərinin dalğalanması, vitamin-mineral çatışmazlığı, zəif immunitet və pis vərdişlərin formalaşmasına gətirib çıxaracaq.
Səhər yeməyini ötürmək isə diqqət və yaddaş zəifləməsinə, tez yorğunluğa və gün boyu enerji çatışmazlığına səbəb olur.
Uşaqları yemək zamanı televizor və ya telefon qarşısında oturtmaq yalnış hesab olunur. Bu zaman toxluq hissi itə bilər. Uşaq yeməyə diqqət etmədiyindən beyninə “doydum” siqnalı gec gedir.
Nəticədə ya həddindən artıq yeyir, ya da diqqət yayındığı üçün yeməyi yaxşı çeynəmir və həzm sistemi pozulur. Bu isə mədə-bağırsaq problemlərinə gətirib çıxara bilər.
Həmişə eyni qidaları vermək isə vitamin çatışmazlığına gətirir, uşaqda pis qida davranışı yaranır. Daim eyni qida qəbul etdiyi üçün yeni dadlardan kənarda qalır, bu isə balans pozğunluğu və inkişaf ləngiməsinə səbəb olur.
Məcburi yemək yedirtmək isə ən böyük səhvimiz sayılır. Çox vaxt düşünürük ki, “uşaq az yeyir, böyüməz”, buna görə də onu güclə yeməyə məcbur edirik. Amma əslində bu yanaşma uşağın sağlamlığına və psixologiyasına mənfi təsir göstərir, yeməyə qarşı mənfi münasibət yaradır.
Uşaq yeməyi xoş bir şey kimi yox, cəza kimi qəbul etməyə başlayır. Nəticədə yeməyə qarşı nifrət hissi formalaşır.
Əslində uşaq acanda yeməli, tox olanda isə dayanmalıdır.
Məcburiyyətlə yemək bu təbii sistemi pozur. Sonra uşaq ya həddindən artıq yeyir, ya da yeməyi tamamilə rədd edir.
Yəni stress altında yemək mədə-bağırsaq sisteminə mənfi təsir göstərir, şişkinlik və qarın ağrısı da yarana bilər.
Nəticə:
Uşaqlar üçün düzgün qidalanma sadəcə yemək məsələsi deyil – onların sağlam gələcəyinə qoyulan sərmayədir. Əgər uşaq balanslı, təmiz və təbii qidalarla böyüsə, hər işində uğurlu olar, həm də sağlam həyat tərzinə sahib çıxar.
Tovsiyə :
Uşaqlar üçün düzgün qidalanma necə vacibdirsə, bizim üçün də eyni dərəcədə önəmlidir. Onlarla xoş anları sağlam şəkildə yaşamaq istəyiriksə, əvvəlcə özümüzdən başlamalıyıq, heç bir qərarımızı ertələmədən.
Çünki bizim bədənimiz uşaqlardakı kimi sürətlə hüceyrə yeniləməsi etmir; buna görə də düzgün qidalanma sağlamlığımız üçün həyati əhəmiyyət kəsb edir.
Əgər biz öz sağlamlığımıza diqqət yetirərək balanslı və təbii qidalar qəbul etsək, onlarla birlikdə həyatın hər gözəlliyini dolu-dolu yaşaya bilərik.
Bu haqqa düşünməyə dəyər!




