Arıqlamağa Başlarkən: Təslimiyyət Düşüncəsi Yox, Sağlam Yanaşma!-ELNUR NEMƏTOVUN yazısı
Arıqlamağa başladığımız zaman çoxlarımızın ağlında bir sıra suallar yaranır:
“Görəsən bacaracağam? Çəkim gedəcəkmi? Nəyə oxşayacağam? Dərim necə olacaq? Ac qalacağammı?”
Bu suallar təbiidir, amma onlara həddindən artıq fokuslanmaq prosesə başlamadan əvvəl demotivasiya və uğursuzluq əlaməti ola bilər.
Çünki bu yanaşma arıqlamanı bizə çox ağır, əlçatmaz bir proses kimi göstərir və artıq yarıda təslim olmağın ilk siqnalıdır.
Bu, xüsusilə eyni vaxtda müxtəlif çəkidə olan bir neçə tanışın birlikdə arıqlamağa başlaması zamanı daha tez-tez müşahidə olunur.
Tərəzi bizə istədiyimiz rəqəmi göstərməyəndə isə həmin hiss daha da güclənir və dərhal deyirik:
“Motivasiyam itdi, deməli, məndə alınmır.”
Amma işin əsli tamamilə başqa amillərdən asılıdır.
Gəlin mövzuya bir az daha dərindən baxaq və əvvəlcə özümüzə sual verək:
“Filankəsin çəkisi çoxdur, ona görəmi tez arıqlayır? Və ya çox çəki itirmək daha yaxşı nəticə deməkdirmi?”
Təbii ki, yox.
Biz arıqlama nəticələrini sadəcə rəqəmlərlə – “neçə kilo itirdim?” – qiymətləndiririk. Amma əsas göstərici yalnız kilo deyil, bədən çəkisinin faiz nisbəti və bədən tərkibindəki dəyişiklikdir.
Bu, olduqca ciddi məsələdir, çünki söhbət birbaşa sağlamlığımızdan gedir.
Sadə misal:
Təsəvvür edin, iki dost velosiped yarışına çıxır:
Biri 90 kq-dır, 9 kq itirir → 10% azalma
Digəri 60 kq-dır, 7 kq itirir → 11,6% azalma
İlk baxışda 9 kq daha böyük görünə bilər, amma faiz nisbətinə görə 60 kq-lıq dost bədən kütləsinə görə daha yaxşı nəticə əldə etmiş olur.
Deməli, çox çəkili insanın itkisi rəqəm olaraq böyük görünə bilər, amma bu həmişə daha effektiv və sağlam nəticə demək deyil.
Az çəkili insan üçün oxşar rəqəm bəzən sağlamlıq riski yarada bilər, çünki orqanizmin ehtiyatları çox çəkili insana nisbətən daha məhduddur.
Ona görə də arıqlamağa qərar verəndə, motivasiya itirməmək və bu işi yarıda dayandırmamaq üçün, ilk olaraq rəqəmlər və rəqabət yox, sağlam vücuda sahib olmağı düşünərək başlamalıyıq.
Çünki arıqlama yarış deyil, mərhələ-mərhələ gedən sağlamlıq prosesidir.
Tövsiyə:
Tərəzi hər zaman ilk həqiqəti göstərmir – piy, su və əzələ balansı zamanla düzəlir.
Əsas odur ki, davamlılığı qoruyaq, qısa müddətli nəticəyə yox, uzunmüddətli qalıcı dəyişiklikə hədəflənək.



