Maraqlı

Komfort — yoxsa artiq cəki…- ELNUR NEMƏTOVun yazısı

9 iyul / 16:50 3 dəq
Elnur mematov 1
9 iyul / 16:50
Burada sizin reklamınız ola bilər
Bəzən birisi bizə “Sənin çəkin çoxdur” deyəndə, dərhal müdafiəyə keçib deyirik:
“Yox, əladır vallah!”
Hətta bir az da zarafat qatıb, hər iki çiynimizi qaldırıb, altdan yuxarı qarın nahiyəmizə toxunaraq, sanki yüngülmüş kimi jest göstərib:
“Özümü yaxşı hiss edirəm” – deyirik.
Artıq çəki o demək deyil ki, biz özümüzü pis hiss etməliyik və ya kimsə buna görə bizi qınayır və ya mühakimə edir.
Bu, sadəcə bədənin ehtiyacından artıq çəkidə olmasıdır. Əgər bu vəziyyət uzun müddət davam edərsə, bir çox sağlamlıq problemlərinə və ciddi narahatlıqların astanasına gətirib çıxara bilər.
Amma biz o “rahatlıq” altında, əslində səssiz bir təhlükədə ola biləcəyimizdən xəbərsizik.
Çünki bəzilərimiz indi cavanıq, güclüyük, hərəkətdəyik — o işin, bu işin dalınca qaçırıq, bəzilərimiz isə eyni işləri görə-görə yaşımızı belə unuduruq.
Elə bilirik ki, bu enerji hər zaman bizimlə olacaq.
Amma unutmamalıyıq ki, zaman öz axarı ilə gedir…
və biz – anbaan qocalırıq, yaşlanırıq.
Bir anlıq düşünək:
Sabah həyat tərzimiz dəyişə bilər — daha az hərəkət, daha çox oturaq rejim, daha çox stres, daha çox sosial məsuliyyət və daha az zaman…
Bilməliyik ki, artıq çəki – təkcə bədən görüntüsü deyil.
Bu, həm də gizli risklər toplusudur.
Bax onda, bu gün saya salmadığımız və göz yumduğumuz o artıq çəki, yatmış bir div kimi oyana bilər.
Və biz onun hər kiloqramının ağırlığını oynaqlarda, beldə, təzyiqdə, nəfəs darlığında hiss etməyə başlayacağıq.

Fəqət o zaman, bu günkü güc, bu günkü fürsət artıq bizdə olmaya bilər…

Çünki dünənki hüceyrəmiz bu günkindən fərqlidir.

Amma bunun fərqinə varmadan hər gün, hər saat, hər saniyə qocalırıq!

Dünən – artıq “dünəndə” qalıb
Bu gün “mən rahatam” demək,
sabah “niyə belə oldu?” sualına çevrilə bilər.
İndi özümüzü yaxşı hiss edə bilərik,
amma bilməliyik ki, bədən səssizcə yüklənir…
Bu yükü indidən azaltmaq, gələcəkdə bizi dərmanlardan, həkim otaqlarından, yorğun gecələrdən qoruyar.
Unutmayaq:
Bu gün atılan kiçik bir addım – sabah böyük peşmançılığı əvəz edə bilər.
Bütün bunları təkcə özümüz üçün yox,
tanıdığımız insanlar, dost və əzizlərimiz üçün də bilməli və deməliyik.
Çünki bir insanın sağlamlığı naminə atılan kiçik addım, deyilən doğru söz belə,
böyük dəyişimin başlanğıcı ola bilər.
Paylaş
Burada sizin reklamınız ola bilər