“Səyyar Gənclər Xidməti” davam edir
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Səyyar Gənclər Xidməti” layihəsi davam edir.
26 sentyabrda layihə çərçivəsində ikinci səfər Qazax rayon Çaylı kəndinə olub. V.Göşşüyev adına 1 saylı tam orta məktədə keçirilən tədbirdə Qazax GİKM-in direktoru İsmayıl Süleymanov Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, “Səyyar Gənclər Xidməti” layihəsi haqqında ətraflı məlumat verib.
Daha sonra Qazax RİH-nin əməkdaşı, rayonun baş psixoloqu Kəmalə Cəfərova tərəfindən gənclərin ilkin psixoloji diaqnostikası aparılıb. Onlarla təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə və peşəyönümü ilə bağlı konsultasiya keçirilib.
Qazax rayon Uşaq xəstəxanasının pediatrı Səadət Məmmədova tərəfindən gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyasının təşkili həyata keçirilib.
Gənc təlimçilər Aysel Kərimova və Nicat Məmmədov gənclərin peşə məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı ilə bağlı, bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib.
Daha sonra “Səyyar Gənclər Xidməti” layihəsinin əyləncəli hissəsi start götürüb. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, darts, stolüstü tennis, basketbol, top çiləmə və ip atlama oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub.










