Fransa Senatı hökuməti qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Ümumilikdə 348 senatordan ibarət Senatın bugünkü iclasında 332 nəfər olub ki, onlardan səsvermədə 296-sı iştirak edib. Sənədin lehinə 295, əleyhinə isə cəmi 1 nəfər səs verib.
Məsələ ilı bağlı “Qərb Xəbər”ə danışan politoloq Oktay Qasımov bildirib ki, Fransa Senatının qəbul etdiyi qərar məcburedici xarakter daşımır, bu tövsiyə edici xarakterdir.
“Burada Fransa hökumətinin qərarları əsas götürülür. Bu Azərbaycana yönəlik şantaj və təhdid elementi kimi istifadə olunur. Bu məsələlərdə erməni diyasporasının rolu və Makronun şəxsi siyasəti əsas götürülmür.
Nəzərə almaq lazımdır ki, ermənilər və fıransızlar arasında münasibətlər 200 ildir ki davam edir. Birinci Dünya Müharibəsində fransızlar erməni birləşmələrindən istifadə edərək Osmanlıya qarşı vuruşurdular. O zamandan bəri bu münasibətlər ciddi şəkildə formalaşıb. Fransa cəmiyyətində ermənilərin Şərqdə xiristiyanlığın son qalasını qoruduğu kimi bir fikir formalaşdırılıb. Azərbaycana qarşı atılan bu addımların isə kökündə tək Azərbaycana qarşı olan münasibət durmur. Buna Fransanın həm regiona təsir etmək istəyi, həm də Türkiyə ilə rəqabəti təsir edir”.
“Son illərdə Türkiyyənin xüsusilə də Yaxın Orta Şərqdə, Aralıq dənizində və Şimali Afrikada aktiv siyasət aparması Fransa siyasi elitasında xoş qarşılanmır. Burada təbii ki, erməni diyasporasının ciddi təsirləri var. Amma, nəticə olaraq bu siyasət Fransa dövlətinin siyasətidir” – deyə Oktay Qasımov vurğulayıb.
Politoloq əlavə edib ki, son qəbul olunmuş qərar Fransa və Azərbaycan arasında münasibətlərə ağır zərbə vurdu.
“Fransa bu regionda gərginliyi saxlamaq və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan verməmək istəyir. Azərbaycan cəmiyyətində də Fransaya qarşı çox ciddi antipatik münasibət formalaşmağa başlayır. Milli Məclis isə sərt açıqlama ilə məsələyə münasibət bildirdi.
Biz diplomatiyamızı, təbliğat və informasya siyasətimizi daha da gücləndirməliyik. Digər Avropa ölkələri ilə münasibətlər daha da inkişaf etdirilməlidir. Bütün ölkələrdə yerləşən diyaspora təşkilatlarımızın fəaliyyətinə bir daha nəzər salənmalıdır və gücləndirilməlidir”.
Rahib İsgəndərli