“Diplomatik nümayəndələrə qarşı hücum yalnız ermənilər tərəfindən törədilə bilər” – Şərh
Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
Məsələni “Qərb Xəbər“ə şərh edən politoloq Asif Nərimanlı bildirib ki, hadisə araşdırma mərhələsindədir.
“Silahlı hücum edənlərin kimliyi tam bəlli deyil. Amma, bilirik ki, Azərbaycanın diplomatik nümayəndələrinə qarşı hücum yalnız ermənilər tərəfindən törədilə bilər. Azərbaycanın başqa bir ölkə ilə heç bir problemi yoxdur. Yaxud səfirliyimizin nümayəndələrinin şəxsi məsələsi də deyil.
Biz belə təxribatları Tovuz döyüşlərindən sonra da görməyə başladıq. Belə hücumların davamı sonuncu sərhəd döyüşlərindən sonra da davam etdi. Tarix göstərir ki, Ermənistan tərəfi məğlub olduğu zaman əl ata biləcəkləri yeganə yol terrordur. Terror təkcə bomba partlatmaq deyil, belə fiziki hücumlar da terrordur. Lakin, uzun müddətdən sonra silahlı hücumun olmağı o deməkdir ki, ermənilərin hücum taktikası dəyişib. İndi də biz bunu görürük ki, bu təxribatlar Asala terror təşkilatının fəaliyyətlərindən heç də fərqlənmir. Asala türk diplomatlara qarşı hücumlar edirdi. Bununla guya ki, qondarma soyqırımın əvəzini çıxırdılar”.
Asif Nərimanlı qeyd edib ki, ermənilər terroru var olmağın yollarından biri kimi qəbul edirlər.
“Bu son təxribat təsdiq olunmasa belə erməni icması tərəfindən edildiyini əminliklə deyə bilərik. Bundan sonra erməni banda dəstələri xaricdə yaşayan azərbaycanlılara qarşı da silahlı hücumlar edə bilərlər. Təbii ki, bu məsələlərlə səfirliklərmizin yerləşdiyi ölkələrin təhlükəsizlik orqanları məşğul olmalıdır. Biz təəssüf ki, bunu görmürük. Buna misal olaraq Fransanı göstərə bilərəm. Oradakı hadisədən sonra istintaq lazım olan formada aparılmadı. Amma, Fransada İran səfirliyinə edilən hücumların necə müdafiə olunduğunun video və fotolarla görüntüləri var. Bu istəkdən asılıdır”.
“Fikrimcə səfirliklərimizə edilən hücumlara şərait yaradırlar. Fransada bunu daha açıq şəkildə gördük. İmkanlar olduğu halda müdaxilə etmək istəmirlər. ABŞ-dakı hadisənin mahiyyəti istintaqdan sonra daha aydın başa düşüləcək deyə düşünürəm” – deyə politoloq vurğulayıb.
Rahib İsgəndərli




