Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib. Görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparıldı.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib. Hulusi Akarı hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb. Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər rəhbər şəxslərlə Bakıya gəlib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Asif Nərimanlı bildirib ki, bu səfərlər bölgədə baş verən proseslərlə bağlıdır.
“İsrail müdafiə nazirinin Azərbaycana səfərini Azərbaycan-İsrail hərbi əməkdaşlıq kontekstindən baxa bilərik. Azərbaycan hərbi arsenalının yenilənməsi ilə bağlı ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri İsraildir. İsrail müdafiə nazirinin gəlişi müdafiə sənayesi üzrə anlaşmalarla yanaşı bölgədə hər hansı gərginlik olduqda bəzi birgə addımlar atılması üzərinə olmuşdur.
Xüsusilə, Hulusi Akarın səfərinə baxdıqda görürük ki, səfər olduğu gün Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Türkiyədə təlimlərə başlayırlar. Fikrimcə bu mümkün risklərə qarşı birgə addımların atılması hazırlıqlarıdır. Təbii ki, Azərbaycan sülh şəraiti üçün bütün diplomatik addımları atır”.
“Burada əsas faktor İrandır deyə düşünürəm. Təkcə ona görə yox ki, İran İsrail arasında düşmənçilik var. Ümumiyyətlə öncə İsrail daha sonra Türkiyə müdafiə nazirlərinin səfəri bölgədə yeni eskalasiyanın yaranacağı fikri yaradır. Bunu proseslərin inkişafı da göstərir. Yəni, Azərbaycan və Ermənistan arasında son sərhəd toqquşmasından sonra Qərbin və ABŞ-ın iştirakı ilə təmaslar qurulub. Bütün bu təmaslara baxmayaraq iki ölkə arasında ortaq nöqtə tapmaq çətinləşib. İndiki situasiyada Ermənistan bölgədə yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Əsas tələb kimi Zəngəzur dəhlizinin açılmamasını və Azərabaycan ordusunun sərhətdəki mövqelərindən geri çəkilməsini istəyir” – deyə Asif Nərimanlı vurğulayıb.
Politoloq əlavə edib ki, son vaxtlar İranın da rəsmi səviyyədə Azərbaycana qarşı aqressiv açıqlamalarını görürük.
“İran da həmçinin sərhəd və dəhliz məsələsində Ermənistanla eyni siyasəti yürüdür. İstisna deyil ki, Ermənistan sərhətdə yeni təxribatlara hazırlaşır. Bu təxribatlar fonunda üçüncü tərəfin müdaxilə etmə ehtimalı var. Son təxribat göstərdi ki, Ermənistanın tək başına bacarması mümkün deyil. Hansısa ölkələr Ermənistana dəstək sözü veriblər. Bu Rusiya deyil. Rusiyanın sərgilədiyi mövqe onu göstərir ki, artıq neytral mövqedə qalmağa çalışır. İki tərəftən kömək gələ bilər biri Qərbdən hansısa ölkə, bu Fransa ola bilər. Digəri isə İran ola bilər. Qərbdən kömək olunması coğrafi mövqe olaraq elə də asan deyil. Daha çox İranın proseslərə müdaxiləsi mümkün görünür.
Verilən açıqlamalar göstərir ki, Tehranda belə bir ssenari üzərində işləyirlər. İndiki məqamda İranın daxilindəki vəziyyəti sionizmə bağlamaq istəyirlər. Belə bir məqamda hansısa ölkəni hədəf seçməlidirlər. Bu taktika ilə bir daşla iki quş vurmaq istəyirlər. Həm daxildə baş verən ixtişaşları Azərbaycan üzərindən sionizmə bağlamaq istəyirlər, həm də bununla Ermənistanın mənafeyini qorumağa çalışırlar. Bu baxımdan bölgədə yeni eskalasiyanın yaranması böyükdür”.
Rahob İsgəndərli