200-dən çox Azərbaycan ziyalısı, (onların əksəriyyəti Ermənistanda azərbaycanlıların sıx məskunlaşdığı, 1988-1989-cu illərdə oradan zorla qovulmuş rayonlardandır) müasir Ermənistan Respublikasının ərazisində Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradılması ilə bağlı bəyanat yayıb.
Məsələ ilə bağlı “Qərb Xəbər“ə danışan deputat Musa Quliyev bunun çox ciddi bir şey olmadığını bildirdi:
“Bu bir ictimai təşkilatın ortaya atdığı fikirdir. Sosial şəbəkələrdə baxıram ki, bunu sevinclə qarşılayırlar. Bu çox əhəmiyyətli bir şey deyil və bizim məqsədlərimizə də kölgə salan bir addımdır. Belə şeylərdən çəkinmək lazımdır. Bir ictimai təşkilat özündən xəritə icad eləyir və yazır ki, biz dövlət qururuq. Belə bir vaxtda bizə bu məsələr zərər verə bilər. Bu gün əsas hədəfimiz Ermənistanla sərhədlərmizi müəyyənləşdirmək və sülh müqaviləsini aydınlaşdırmaqdır”.
Musa Quliyevin fikirinə görə belə bəyanatlar veriləndə çox ciddi yanaşılmalıdır və dövlətin müvafiq qurumlarından məsləhət alınmalıdır.
“Bu təşkilatın qeydiyyatdan keçib, keçmədiyini bilmirəm. Nə qədər üzvü var?. Bizim soydaşlarmızın maraqlarını nə qədər ifadə edirlər?. İndidən ortada heç bir şey olmadığı halda biz Qərbi Azərbaycan dövləti elan edirik və Qarabağda qalan ermənilərə əlavə iddialarla çıxış etmələrinə dəstək vermiş olacağıq”.
“Bu gün bu bəyanatın heç bir müsbət tərəfi yoxdur. Qərbi azərbaycanlılar bir mərkəzdən koordinasiya olunmalıdır. Qərbi Azərbaycan icması var. Millət vəkili Əziz Ələkbərli rəhbərlik edir. Mən təklif edərdim ki, Qərbi Azərbaycanla bağlı bütün ictimai təşkilatlar ora ilə koordinasiya olunsunlar. Bizim məqsədimiz və niyyətimiz dövlətin də apardığı siyasələ üst-üstə düşsün” – deyə deputat vurğulayıb.
Rahib İsgəndərli
Qərb Xəbər