Bölgə xəbərləri

Qaranlığa aparan yol

19 aprel / 17:02 2 dəq
IMG 20220419 WA0056
19 aprel / 17:02
Burada sizin reklamınız ola bilər

Arzu Sayadoğlu

Qazaxda bir orqan var: “Qazax Elektrik şəbəkəsi”. Adında “elektrik” sözü olsa da, özü “qaranlıq xidməti” kimi çalışır. Aylardır davam edən “ənənə”si ilə, həftə keçmir ki, gündüz çağı, heç bir önbildiriş demədən və əsas gətirmədən əhalinin işıqlarını söndürsün. 

Belə olan halda söz bizə keçir ki, biz jurnalistlər, qələm adamları bu işıqsızlığı işıqlandıraq. Qaranlıqların, zülmətlərin səsi olaq. 

Ramazan ayında mərhəmət, dostluq və yardımlaşmanın daha geniş yayılmalı olduğu bir zamanda, “Qazax Elektrik şəbəkəsi” vətəndaşlarımızı bu cür “mükafatlandırır”. Qazaxlıların dərdlərinə dərd qatan bu qurum “həftə 8, mən 9” öz ampulasındadır.

Qəfil elektrik kəsintiləri, keyfi söndürmələri ilə rayon camaatını qaranlıqlara qərq edən işıq idarəsinin bu əməlləri, ən azı vətəndaşlara xidmət etməli olan Qazax Rayon İcra Hakimiyyətini də düşündürməli idi. Çünki xalqın problemləri icranın birbaşa yetkiləri içərisinə aiddir. Amma… Amma elə əmmadır. Bu əmmaməli ayın əmmalı idarəsi kimə və nəyə güvənərək öz səlahiyyətlərini yerinə yetirmir? Bu özü də bu ölkədə cavabını hər körpənin tapa biləcəyi bir tapmaca kimidir. Hə, indi siz deyin, görək: Niyə bu qurumlar məsuliyyətsiz çalışırlar? “Tapanın gözlərinə işıq gəlsin”.

“Qazax Elektrik şəbəkəsi” – sizi qaranlıqlara götürən yol. 

Dünyanın elektrikli avtomobillər sürdüyü, külək, günəş və sudan enerji əldə etdiyi bir zəmanədə, 21-ci əsrdə biz naqillərlə ötürülən işıqlarımızı belə, davamlı istifadə edə bilmirik. 

Məqaləni yazarkən, deyəsən, işıqlarımız yenidən söndürüldü… 

Gözünüz aydın…

Paylaş
Burada sizin reklamınız ola bilər