“Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir”.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə məlumat yayıb. Bildirib ki, bu günədək ölkəmizdə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi.
“Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb.
Bundan əlavə:
- Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir
- Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir.
- Eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq.
- Suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacaq.
- Ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflər üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq, sudan istifadə haqqı (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcək.
Qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək”.