Gürcüstanın eks prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qərb Xəbər” məlumat verir ki, Saakaşvili iclas zamanı baş nazir İrakli Qaribaşvili və ölkə prezidenti Salome Zurabişviliyə səslənib. O deyib ki, indi Qərblə əlaqələrin yaxşılaşdırlması üçün fürsət yaranıb və bunu dəyərləndirmək lazımdır: “Rusiya Ukraynada fəlakətli şəkildə uduzur. Dünən Bayden Ukraynaya inanılmaz miqdarda silahın göndərildiyini açıqladı. Lakin gedən proseslərdə zəncirin ən zəif halqası Gürcüstandır. Salome impiçmentdən qorxdu və dünən CNN-də sözünü dəyişdi və tamamilə fərqli bir şəkildə çıxış etdi. Gürcüstan hökuməti Kiyevə getməlidir. Əgər bacarmasalar, mən Ukrayna prezidentinin baş müşaviri və İslahat Şurasının sədri kimi əlimdən gələni edərəm. Baş nazir Qaribaşviliyə deyirəm ki, sizi tam təhlükəsiz şəkildə Kiyevə apara bilərəm, amma siz istəyirsinizsə? Mən Salome Zurabişviliyə də müraciət edəcəyəm, Qaribaşvili qəbul olunmaya bilər”, – deyə Mixeil Saakaşvili bildirib .